Məlum olduğu kimi, karantin rejiminin qismən yumşaldılması ilə bağlı, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq təlimatına uyğun olaraq, 18 may tarixindən muzey və sərgi salonlarının fəaliyyətinə icazə verilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki  Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyinin budəfəki qonaqları məktəblilər olub. Ziyarət zamanı şagirdlərin Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyası ilə əlaqədar müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl etməsi diqqətdə saxlanılıb.

Muzeyin əməkdaşı məktəblilərə mədəniyyət ocağı haqqında ətraflı məlumat verərək onları ekspozisiya ilə tanış edib.

Regional idarənin Bərdə rayon Heydər Əliyev Mərkəzinə də ekskursiya təşkil olunub. Mərkəzin bələdçiləri tərəfindən qonaqlara ümummilli lider Heydər Əliyevin ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında məlumat verilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl etməklə, Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, tabe müəssisələrdə monitorinqlər aparır. Məqsəd müəssisələrdə işin təşkilinin düzgün aparılması, işçilərin xüsusi karantin rejiminin qaydalarına məsuliyyətli yanaşmasını təmin etməkdir. Növbəti monitorinq Bərdə rayon Mədəniyyət Mərkəzinin filiallarında keçirilib.

***

Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon Heydər Əliyev Mərkəzində Ombudsmanın Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Konfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu müasir tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısı və təşəbbüskarı kimi tarixə yazılıb.

Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Sonda konfrans iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar, eləcə də rəssamlıq və toxuculuq dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

***

Ağstafa rayon Heydər Əliyev Mərkəzi Milli Qurtuluş Günü münasibətilə gənclər arasında ulu öndərə həsr olunmuş “Müasir Azərbaycanın xilaskarı və memarı – dahi şəxsiyyət Heydər Əliyev” mövzusunda “Ən yaxşı təqdimat” onlayn inşa-yazı müsabiqəsi elan edib.

Müsabiqədə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Yazılar iyunun 6-dan 13-dək qəbul edilir. Qaliblər Ağstafa rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.

***

Bölgələrdə vətəndaşlara səyyar kitabxana xidməti davam etdirilir. Zərdab rayon MKS-nin Qoruqbağı kənd kitabxana filialının əməkdaşı Təbəssüm Xəlilova kənd sakini Bəsti Xəlilovanın sifariş etdiyi Şamo Arifin “Qınamayın məni” və Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” adlı kitabları ona təqdim edib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirilib.

İdarənin rəisi Mehman Şükürov çıxışında son günlər ölkəmizdə koronavirusa yoluxma hallarının çoxaldığına diqqət çəkərək Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməsinin zəruriliyini vurğulayıb. Tabe müəssisələrə onlayn fəaliyyətlərini daha da genişləndirilməsi, 2020/2021-ci tədris ili üçün bədii təhsil müəssisələrində keçiriləcək qəbul imtahanlarının vaxtı barədə öncədən idarəyə məlumat verilməsi diqqətə çatdırılıb. Sonda tabe müəssisələr tərəfindən keçirilən tədbirlər haqqında informasiyaların davamlı şəkildə regional idarənin saytında işıqlandırılması ilə əlaqədar göstəriş verilib.

***

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzinə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bir qrup gəncin ekskursiyası təşkil olunub. Gənclər mərkəzin muzey hissəsi ilə tanış olduqdan sonra fond mühafizinin məruzəsi dinlənilib.  Məruzədə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmasından və inkişafın təməlini qoymasından bəhs olunub.

***

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Oğuz rayon MKS-nin iştirakı ilə “Mənim hüquqlarım məni qoruyur” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda rayon Mərkəzi kitabxanasının şöbə müdiri Nəzakət Qasımova, rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Sənan Əliyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova və başqaları çıxış ediblər.

Qeyd edilib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli konstitusiyamız ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 12 noyabr 1995-ci ildə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın əsası qoyulub. Tədbirin sonunda oğuzlu yazar, Mərkəzi kitabxananın fəal oxucusu Şükufə Ruhlu “İnsan hüquqları, insan haqları” şeirini səsləndirib.

Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasının əməkdaşı Taliyə Xəlilova isə “Təbiəti sevək və qoruyaq” adlı tədbir keçirib. Tədbir uşaq və gənclərdə doğma təbiətə, bitkilər aləminə məhəbbət və qayğı hissləri aşılamaq məqsədilə təşkil olunub. Çinarə və Ülkər İbrahimova bacılarının hazırladıqları herbari (qurudulmuş bitki kolleksiyası) nümunələri maraqla qarşılanıb.

Nurəddin MƏMMƏDLİ