Bölgələrdə 15 İyun – Milli Qurtuluş Günü müxtəlif tədbir və layihələrlə qeyd olunub
15 İyun – Milli Qurtuluş Günü münasibətilə respublikamızın şəhər və rayonlarında Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar daha çox virtual layihələrlə qeyd olunan əlamətdar gündə ulu öndərin tarixi xidmətlərinə nəzər salınıb, müasir inkişafımızın əsasında Heydər Əliyevin parlaq ideyalarının dayandığı diqqətə çatdırılıb.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi Milli Qurtuluş Günü münasibətilə onlayn konsert proqramı ilə çıxış edib. “Facebook” səhifəsində canlı yayımlanan konsertdə vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Heydər Əliyev mərkəzlərinin və İnsan hüquqları üzrə müvəkki – Ombudsmanın Quba Regional Mərkəzinin iştirakı ilə Milli Qurtuluş Günü və “İnsan hüquqları aylığı” (18 may - 18 iyun) ilə əlaqədar “Heydər Əliyev və insan hüquqları” mövzusunda videokonfrans keçirilib.
Konfransda Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış edərək ölkəmizdə insan hüquqlarının qorunması sahəsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurəhmanova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev məruzələrlə çıxış ediblər.
***
Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mərkəzi kitabxanasının əməkdaşları rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Kitabxanaçılar bələdçinin təqdim etdiyi “Tarixin şanlı səhifəsi” mövzusunda məruzəni dinləyiblər. Diqqətə çatdırılıb ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
Balakən rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda onlayn konfrans keçirilib. Konfransda regional idarənin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva, Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev, rayon Mərkəzi kitabxanasının şöbə müdiri Mehriban Çuxova, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva və başqaları çıxış ediblər. Sonda Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.
Oğuz rayon Heydər Əliyev Mərkəzinin moderatorluğu ilə “Müasir Azərbaycanın inkişafının başladığı tarix” adlı videokonfrans təşkil olunub. Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, rayon Gənclər və İdman İdarəsinin müdiri Ramiz Mahmudov, rayon İcra Hakimiyyətinin işçisi Cavid Həmidov mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Əlamətdar günlə bağlı Qax rayonunda da onlayn tədbir keçirilib. Videokonfransda Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova, Mədəniyyət mərkəzinin direktoru Kəmalə Məcidova, Ağçay kitabxanasının əməkdaşı Sevinc Abakarova, İsmayıl Dağıstanlının xatirə muzeyinin fond müdiri Həlimə Muxtarova çıxış ediblər.
***
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə videokonfrans keçirilib. Regional idarənin rəisi Vüqar Qədirov ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Regional idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Tovuz, Qazax və Ağstafa rayon Heydər Əliyev mərkəzlərinin direktorları Humay Aslanova, Ceyhunə Hüseynova və Ləman Cəlilova ulu öndərin tarixi xidmətlərindən söz açıblar. Həmçinin böyük siyasətçinin irsinin, azərbaycançılıq ideologiyasının təbliğində Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə nəzər salınıb, pandemiya dövründə həyata keçirilən virtual tədbirlərdən bəhs edilib.
Qazax rayon Heydər Əliyev Mərkəzi MİHİ Qazax rayon komitəsi ilə birgə Milli Qurtuluş Günü münasibətilə onlayn şeir müsabiqəsi keçirib.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Milli Qurtuluş Günü münasibətilə onlayn canlı konsert proqramı təşkil ediblər. Konsert proqramı “Facebook” səhifəsi vasitəsilə yayımlanıb və izləyənlərin böyük marağına səbəb olub.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Pandemiya ilə əlaqədar karantin rejimi qaydalarına əməl edilməklə gerçəkləşən tədbirdə ümummilli liderə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib. Mərkəzin direktoru Məhsəti Musanın təqdimatında virtual sərgi təqdim edilib. Sonda mərkəzin əməkdaşları Fariz Bünyatov və Səbinə Nəsirzadə xüsusi karantin günlərində mərkəzin virtual fəaliyyətində göstərdikləri fəallığa görə və Milli Qurtuluş Günü münasibətilə fəxri fərmanla təltif olunublar.
***
Ağdaş Regional Mədəniyyət İdarəsi Ucar rayon Heydər Əliyev Mərkəzində rayon Tarix-Diyarşünaslıq Muzeyi əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Sosial məsafə və sanitar qaydalara riayət olunmaqla təşkil edilən tədbiri mərkəzin direktoru Mətanət Qəribova açıb, Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Mərkəzin əməkdaşları da mövzu ilə bağlı fikirlərini bölüşüb.
***
Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində də Milli Qurtuluş Günü ilə əlaqədar onlayn musiqili ədəbi-bədii konsert proqramı keçirilib.
Adil İsgəndərov adına rayon Xalq teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə gerçəkləşən tədbirdə ulu öndərə, dövlətçiliyə həsr olunmuş şeirlər səsləndirilib, müğənnilər Şamil Ağayev, Sərxan Baxşıyev, Səməd Səmədov və başqalarının ifalarında mahnılar təqdim olunub. Mədəniyyət Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanan konsert işləyicilərin könlünü oxşayıb.
***
Lənkəran Regional Mədəniyyət İdarəsi Lerik Dövlət Rəsm Qalereyasında Milli Qurtuluş Gününə həsr olunmuş sərgi keçirilib. Sərgidə qalereyanın ekspozisiyası və məktəblilərin əlamətdar günlə bağlı əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub. Karantin qaydalarına uyğun gerçəkləşən sərgi həftəsonuna qədər davam edəcək.
***
Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının “O, Heydər Əliyevdir” adlı virtual tamaşa-kompozisiyası təqdim olunub. Kompozisiyada ümummilli liderin örnək şəxsiyyəti, xalqına dərin sevgisi, digər mənəvi keyfiyyətləri teatrın rejissoru və aktyoru Cəmaləddin Əliyevin və məktəblilərin ifasında maraqla qarşılanıb.
Masallı və Cəlilabad rayonlarında əlamətdar günlə bağlı konsert proqramları keçirilib. Hər iki rayonun mədəniyyət mərkəzləri tərəfindən təşkil edilən virtual musiqi tədbirlərində incəsənət kollektivləri iştirak ediblər. Konsert proqramları sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.
Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən məktəblilərlə “Tarixin dönüş nöqtəsi” adlı virtual görüş keçirilib. Videokonfrans formatında təşkil edilmiş görüşdə rayonun Bədəlan kənd tam orta məktəbinin bir qrup şagirdi iştirak edib. Muzeyin direktoru Əntiqə Tağıyeva mühazirəsində Milli Qurtuluş Gününün mahiyyəti haqqında şagirdlərə ətraflı məlumat verib, diskussiya aparılıb. Şagirdlər ümummilli liderə həsr olunmuş şeirlər səsləndiriblər.
Nurəddin MƏMMƏDLİ