Lənkəran Regional Mədəniyyət İdarəsi Astara Dövlət Rəsm Qalereyasının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Güclü dövlətimiz, güclü ordumuz” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqədə Astara Dövlət Rəsm Qalereyasını təmsil edən və rayonun ümumtəhsil məktəblərində təhsil alan 16 istedadlı gəncin rəsmləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Astara şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə Babazadə birinci, Səncərədi kənd tam orta məktəbinin VII sinif şagirdi Elvira Fərziyeva ikinci, şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Ruhanə Hüseynzadə üçüncü yerlərə layiq görülüblər.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən bir sıra klub və mədəniyyət evləri tərəfindən 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlanıb. İsmayıllı şəhər Yaradıcılıq klubu, Qubaxəlilli kənd Yaradıcılıq evi, Qalınçaq, Ağbulaq, Qalacıq kənd, Lahıc qəsəbə klublarında fəaliyyət göstərən dərnəklərin üzvləri əlamətdar günlə bağlı fikirlərini bölüşüb, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının fəaliyyətinə həsr olunmuş onlayn seminar təşkil olunub. MKS-nin direktoru Saməddin Nəsirov kitabxana işinin müasir standartlara uyğun qurulması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, oxuculara müasir tələblərə cavab verən kitabxana-biblioqrafiya xidmətinin göstərilməsi bu gün olduqca əhəmiyyətlidir.
Seminarda onlayn kitabxana xidmətinin keyfiyyətinin artırılması, günümüzdə kitabxanaların fəaliyyəti və qarşıya çıxan problemlər haqqında çıxışlar dinlənilib.
***
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Kərimli kənd kitabxanası kənddəki tibb məntəqəsində Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş səyyar kitabxana xidməti göstərib.
Kitabxananın müdiri Fidurə Nəsibova Ə.Haqverdiyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Ədibin əsərlərinin oxucular tərəfindən bu gün də sevilə-sevilə oxunduğu vurğulanıb.
Xidmətdən yararlanan tibb işçiləri Gülbəniz Babayeva, Səbinə Məmmədova, Aygün Musayeva və digərləri kitabxanaçılara təşəkkürlərini bildiriblər.
Balakən rayon MKS-nin Katexzavod kənd kitabxanasının müdiri Təravət İsmayılova və kitabxanaçı Saniyət Mollaçıyeva tərəfindən rayon Mərkəzi Xəstəxanası və Katex kənd həkim məntəqəsinə səyyar kitabxana xidməti təşkil edilib. Tibb işçiləri təqdim edilən nəşrlərlə tanış olub və seçdikləri ədəbiyyatları oxumaq üçün götürüblər. Görüşdə həmçinin tibb işçisi Mehparə Şabanova koronavirus infeksiyası ilə əlaqədar kitabxana əməkdaşlarına geniş məlumat verib.
***
Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin “Səbuhi” xalq çalğı alətləri ansamblının solisti, müğənni Hakim Əkbərovun və M.K.Hacıoğlu adına Sənətkarlıq evinin bədii rəhbəri Aytən Xəlilzadənin Silahlı Qüvvələr Gününə həsr olunmuş “Musiqi və poeziya” adlı onlayn konserti keçirilib.
“Mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələri çərçivəsində reallaşan konsertdə bəstəkar və xalq mahnıları, poeziya nümunələri səsləndirilib.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda videokonfrans keçirilib. Tədbirdə öncə Heydər Əliyev Mərkəzi əməkdaşlarının hazırladığı “26 İyun – Silahlı Qüvvələr Günü” adlı videoçarx nümayiş etdirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa mərkəzdə nümayiş etdirilən “Milli ordumuz iftixarımız, qürur mənbəyimizdir” adlı kitab, fotoşəkil, qəzet və jurnallardan ibarət sərgi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, eləcə də müstəqillik illərində ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin Aprel döyüşlərindəki uğurunun xalq-ordu birliyinin bariz nümunəsi olduğu və insanlarda böyük ruh yüksəkliyi yaratdığı vurğulanıb.
Mərkəzin baş fond mühafizi Rövşanə Əliyeva ümummilli lider Heydər Əliyevin Ağcabədiyə səfəri zamanı hərbçilərlə görüşünü əks etdirən lövhə ilə izləyiciləri tanış edib. Bildirib ki, hələ atəşkəs sazişi imzalanmadığı çətin dövrdə Heydər Əliyev hərbçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
Mərkəzin könüllüsü Günel Quliyeva, rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, Gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qənbərov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ordumuzun inkişafından söz açıblar.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Silahlı Qüvvələr Günü münasibətilə videokonfrans keçirib. İdarənin rəisi Vüqar Qədirov qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasət layiqincə davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilir və düşmənə hər zamana sarsıdıcı zərbə vurmağa qadirdir.
Mövzu ilə bağlı regional idarənin rəis müavini Gülgün Kərimov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və başqaları çıxış ediblər.
***
Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Neftçala rayon Heydər Əliyev Mərkəzi tərəfindən bu ilin yanvar ayından “Könüllülər ili” çərçivəsində “Könüllü qonaq” layihəsi həyata keçirilir.
Mərkəzin əməkdaşları və könüllüləri layihə üzrə xüsusi karantin rejiminin tələblərinə əməl etməklə rayonun Bankə qəsəbəsində köməksiz vəziyyətdə yaşayan, əmək qabiliyyəti məhdud olan Nizami babanın və Mənzər nənənin qonağı olublar. Aztəminatlı ailəyə ərzaq yardımı edilib, ev-eşik, həyət-baca səliqə-sahmana salınıb.
***
Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Tərtər rayonunda çalışan mədəniyyət işçilərinin iştirakı ilə onlayn seminar-müşavirə keçirilib.
Regional idarənin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə mədəniyyət müəssisələrinin fəaliyyətinin tənzimlənməsindən danışıb. O, mədəniyyət müəssisələrinin fəaliyyətinin təhlil edilməsi məqsədilə təşkil olunan monitorinqlərin nəticələri barədə müəssisə rəhbərlərinə məlumat verib.
Tədbirdə həmçinin xüsusi karantin rejimində tədbirlərin onlayn şəkildə keçirilməsi, videoçarxların, slaydların hazırlanması və s. ilə bağlı tapşırıqlar verilib.
Nurəddin MƏMMƏDLİ