Xəbər verdiyimiz kimi, sosial izolyasiya müddətində virtual rejimdə işləyən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi kitabxanası “Vətənimizə virtual səyahət” adlı layihə həyata keçirir. Layihə çərçivəsində kitabxananın oxucuları Azərbaycanın rayon və şəhərləri ilə virtual tanış olurlar. Virtual gəzintinin növbəti ünvanı Astara rayonu olub.
Videoçarx rayon haqqında ümumi məlumatla başlayır, rayonda bir şəhər, iki qəsəbə, 87 kənd olduğu diqqətə çatdırılır. Astara, Pensər, Təngərüd çayları, Ərçivan qəsəbəsindəki Yanar bulaq, Talış dağları, İstisu və s. yerlərin fotoları videçarxda bir-birini əvəz edir. Astara çay, çəltik, limon, naringi, portağal, kinkan, kivi, feyxoa kimi bar-bərəkəti ilə də məşhurdur.
Videoçarxda rayondakı tarixi abidələrin – Ərçivan qəsəbəsindəki qədim hamam, Şahağac kəndindəki türbə, Maşxan kəndində Əhməd ibn Kərim və Mövlanə seyid Kərim türbələri, Toradidə Baba Rəsul türbəsinin fotoları da təqdim edilir. Müasir tikili və məkanlar arasında Tarix-diyarşünaslıq muzeyi, muzeyin Kakalos kənd filialı, Astara şəhərindəki Heydər Əliyev adına park, Dənizkənarı park-bulvar və s. qeyd edilir.
Astarada tarixən ağacoyma, həsir toxuma, misgərlik, qurama, şəbəkə sənəti, təndir kəsmə sənətləri inkişaf edib və bu barədə də videoçarxda məlumat verilir.
Astaraya həsr olunmuş mahnı ilə müşayiət olunan videoçarx kitabxananın “Youtube” kanalında yerləşdirilib: https://www.youtube.com/watch?v=fukIMIQ6gcsa