2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ermənistan ordusu ilə döyüşdə həlak olmuş general-mayor Polad Həşimov haqqında ürək sözlərini sosial şəbəkədə paylaşıb:
“Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım.. Düşündüm ki, yəqin səhv olub... Raquf şəhid olanda da bu cür qarşılamışdım... Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həşimov... Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.
Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə rəhbərlik edən S.Orucova Vətən naminə birləşməyin vacib olduğunu vurğulayaraq yazıb:
“2016-cı ilin qələbə ruhlu Aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm, itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək!...
Bu qədər qanın içərisində mən atəşkəs yox, qisas istəyirəm. Qarabağ uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qisasını... Arxalı, harınlamış, yağı düşmən artıq dövlət sərhədimizi pozur. Hamımız öz cəbhəmizdə döyüşə hazırıq! Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin gözyaşı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!
Ruhun şad olsun, cənab General!
Görüşəndə Raqufa salam de...”.