Bölgələrdəki mədəniyyət müəssisələrində Silahlı Qüvvələrimizə dəstək tədbirləri keçirilib
Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən qüvvələri mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatının qarşısı qətiyyətlə alınıb, xeyli canlı qüvvəsi, hərbi texnikası sıradan çıxarılıb. Döyüşlərdə bir neçə hərbçimiz qəhrəmancasına həlak olub. Bu hadisələrlə əlaqədar ölkəmizin şəhər və rayonlarında ordumuza dəstək tədbirləri təşkil olunur.
***
İyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin gənclərimizə məlum çağırışından sonra respublikanın hər yerindən yüzlərlə gənc könüllü olaraq ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə müraciət edirlər.
Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzi və onun tabe müəssisələrinin gənc əməkdaşları da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə yollanaraq qeydiyyata alınıblar. Mədəniyyət Mərkəzinin rejissoru Seyidməmməd Əliyev və Qarabağ müharibəsi veteranları I qrup əlil Vidadi Güləliyev, II qrup əlil Vəfadar Cəfərov və II qrup əlil Xəyal Əliyev kollektiv qarşısında çıxış ediblər.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzi iyulun 17-də “Ordum varsa, yurdum var” adlı tədbir keçirib.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Yenilməz Azərbaycan Ordusu” mövzusunda onlayn tədbir keçirilib. Muzeyin əməkdaşı, Qarabağ müharibəsi iştirakçısı Osman Nəsirov Azərbaycanda həyata keçirilən ordu quruculuğunda ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb. Bu siyasətin dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
***
Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc mədəniyyət könüllüləri və mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən həlak olan şəhidlərimizə həsr edilmiş onlayn ədəbi-bədii tədbir keçirilib. Ərazi bütövlüyümüz uğrunda canından keçən vətən övladlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Regional idarənin tabeliyindəki Tovuz rayon Mərkəzi kitabxanası “Azərbaycan əsgəri, zəfər sizinlədir” mövzusunda onlayn tədbir keçirib. MKS-nin direktoru Güldərən İbrahimova çıxışında vurğulayıb ki, erməni təxribatının qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınıb, döyüş meydanında mənfur düşmənə layiqli cavab verilib.
Tovuz rayon Heydər Əliyev Mərkəzi respublikanın müxtəlif bölgələrindən olan gənclərin iştirakı ilə “Bir olaq, azərbaycanlı olaq” mövzusunda maarifləndirici videokonfrans təşkil edib. Mərkəzin direktoru Humay Aslanova çıxış edərək yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərliyin təbliği işinin yüksək səviyyəyə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Qaçaq Kərəm kənd orta məktəbi şagirdlərinin iştirakı ilə ordumuza dəstək məqsədilə “Vətənpərvərlik ümummilli xilas yolumuzdur” mövzusunda onlayn tədbir keçirilib. Mərkəzin direktoru Ləman Cəlilova, müəllimə Rəna Əsgərova çıxış ediblər. Sonda məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatla əlaqədar videokonfrans keçirilib. Çıxışlarda cəbhə xəttində baş verən hadisələrdən danışılıb, erməni təxribatı qətiyyətlə pislənilib, xalqımızın daim Ali Baş Komandan İlham Əliyevə, ordumuza dəstək olduğu xüsusi vurğulanıb. Konfransda həmçinin regional idarənin əhatə etdiyi müəssisələr tərəfindən hərbi-vətənpərvərlik mövzusunda videoçarxların hazırlanaraq sosial şəbəkələrdə yayılmasının zəruriliyi diqqətə çatdırılıb.
Regional idarənin əhatə etdiyi rayonların Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Gənclərdə vətənpərvərlik ruhunun aşılanması” mövzusunda onlayn tədbir keçirilib. Çıxış edənlər son günlər cəbhə bölgəsində gedən döyüşlərdən və bu döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhid olmuş zabit və əsgərlərimizin şücaətindən danışıblar.
***
Şəki Regional Mədəniyyət İdarəsi Şəki Uşaq incəsənət məktəbinin müəllimi Səbuhi Məmmədov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun portretini çəkərək “Facebook” səhifəsində paylaşıb. Rəssam deyib: “Mən bu əsəri cəsur və mərd zabit kimi hər zaman əsgərlərinin yanında olan, əsl komandan olaraq ön cəbhədə şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimova, eləcə də düşmən təxribatı nəticəsində həlak olan bütün şəhidlərin xatirəsinə həsr edirəm”.
Şəki şəhər MKS-nin təşkilatçılığı ilə “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı kitabxanaların qarşısında duran vəzifələr” mövzusunda videokonfrans keçirilib. MKS-nin direktoru Seyid Vahabov çıxış edərək bu günlərdə vətəndaşlarımızın milli birlik naminə daha ayıq-sayıq olmasının vacibliyini vurğulayıb. Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin baş kitabxanaçısı Gülər Məhyəddinova kitabxanaçılara vətənpərvərlik mövzusunda keçiriləcək tədbirlərlə bağlı öz tövsiyələrini verib.
Regional idarənin əhatə etdiyi Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun təşkilatçılığı ilə “Əsgər - vətən əmanəti” başlığı altında onlayn konsert təqdim olunub. Konsertdə klubun müdiri Turan Musayevin və mahnı dərnəyinin üzvü Muksu Əhmədovanın ifasında “Şəhidlər xiyabanı”, “Ana, mən şəhid oldum”, “Ana, əsgər gedirəm”, “Cənab leytenant”, “İgid əsgər”, “Əsgər - vətən əmanəti” və digər vətənpərvər mahnılar səslənib.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzi, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və filialları, İsmayıllı MKS-nin bir sıra kənd filialları, Şamaxı MKS-nin filialları və Uşaq şöbəsi, Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyi, Qəbələ rayon Mədəniyyət Mərkəzi, Qobustan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ordumuza dəstək videoçarxları hazırlayıblar.
Onlayn təqdimatlar, videokonfranslar
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin keçirdiyi “Canım Azərbaycanım” adlı vətənpərvərlik mövzusunda virtual mahnı müsabiqəsinin qalibləri müəyyənləşib. 22 nəfərin iştirak etdiyi müsabiqənin yekununda Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbinin şagirdləri Baxşəli Rəhimov birinci, Nərmin Nemətli ikinci, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına İncəsənət məktəbinin şagirdi Vahid Məmmədli üçüncü yerə layiq görülüb.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Xızı rayonunun Sayadlar kəndindəki Mikayıl Müşfiq muzeyində “Həyat sevgisi” adlı onlayn tədbir keçirilib. Tədbirdə görkəmli şair M.Müşfiqin nakam, keşməkeşli ömür yolundan və yaradıcılığından söz açılıb. Müəllifin dillər əzbəri olan şeirlərindən nümunələr səsləndirilib. Tədbir muzeyin “Facebook” səhifəsindən canlı yayımlanıb.
***
Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının “Qisas andımızdır” adlı kompozisiyası onlayn platforma vasitəsilə canlı nümayiş olunub. Masallı rayonundan olan şəhid mayor Anar Novruzova ithaf olunmuş tamaşa-kompozisiyada teatrın baş rejissoru Camaləddin Əliyev və məktəblilər iştirak ediblər.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans formatında növbəti iclas keçirilib. İclasda əvvəlcə son günlər cəbhə xəttində baş vermiş döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Regional idarənin rəisi Elnur Hüseynov şəhidlərimizin ailələrinə başsağlığı verib.
İclasda koronavirus infeksiyası ilə mübarizədə profilaktik tədbirlərə əməl olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, sosial yardıma ehtiyacı olan insanlara diqqət göstərilməsi ilə bağlı tapşırıqlar verilib.
***
Kürdəmir Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda idarənin rəisi Elman Məmmədov karantin dövründə görülmüş işlərdən, daxil olan məktubların vaxtında icra olunması, tabe müəssisələrdə sənədləşmə işlərinin aparılmasından, qarşıya qoyulan vəzifələrdən danışıb. Regional idarənin əhatə etdiyi musiqi məktəbləri tərəfindən vətənpərvərlik mövzusunda onlayn konsertlərin təşkili, videoçarxların hazırlanıb sosial şəbəkələrdə təqdim edilməsi ilə bağlı tövsiyələr verilib.
***
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Sincan kənd kitabxanasının təşkilatçılığı ilə kənd həkim məntəqəsində “Açıq kitabxana” aksiyası keçirilib. Həkim məntəqəsinin həyətində bütün yaş qruplarını maraqlandıra biləcək ədəbiyyatlar sərgilənib.
***
Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və aidiyyəti mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib. Konfransda son günlər cəbhədə baş verən hadisələrlə əlaqədar gənclər arasında hərbi-vətənpərvərliyin gücləndirilməsinin zəruriliyi qeyd olunub. İdarə rəisi Ramiz Quliyev və müəssisə rəhbərləri ordumuza dəstək verməyə və Ali Baş Komandan İlham Əliyevin çağırışına hər bir azərbaycanlı kimi hazır olduqlarını vurğulayıblar.
Tədbirdə həmçinin koronavirusla əlaqədar müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, hərbi-vətənpərvərlik mövzusunda onlayn tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə danışılıb.
***
Bərdə Regional Mədəniyyət İdarəsində tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib. Əvvəlcə Ermənistanın cəbhədə törətdiyi hərbi təxribat və ordumuzun sarsıdıcı cavab tədbirləri barədə söz açılıb. Gənclər arasında hərbi-vətənpərvərlik ruhunun daha da gücləndirilməsinin zəruriliyi qeyd olunub.
Daha sonra regional idarənin tabeliyindəki xalq teatrlarının fəaliyyətinin stimullaşdırılması, pandemiya dövründə effektivliyin artırılması üçün Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə birgə keçirilmiş “Yeni təfəkkür və yeni yanaşmalar” adlı videokonfransda səsləndirilən təkliflərlə bağlı müzakirələr aparılıb.
Nurəddin MƏMMƏDLİ