Qətərin ərəbdilli “Əl-Şərq” və ingilisdilli “Peninsula” qəzetlərində Bakının tarixi mərkəzi – İçərişəhər və onun müstəsna bəşəri əhəmiyyətindən bəhs edən məqalələr dərc olunub.

Məqalələrdə İçərişəhərin tarixi təşəkkülü barədə məlumat verilib, onun unikal memarlıq incisi olduğu bildirilib.

Qeyd olunub ki, Bakı Orta əsrlər Azərbaycan dövləti olan Şirvanşahların paytaxtı olub. XIX əsrdə neft sənayesinin inkişafı ilə Bakının sürətlə böyüməsinə və memarlıq xüsusiyyətlərinin dəyişməsinə baxmayaraq, İçərişəhər tarixi özünəməxsusluğunu və arxitekturasını qoruyub saxlayıb. Məqalələrdə 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edildiyi vurğulanıb.

Məqalələrdə İçərişəhərin məşhur tarixi tikililəri olan Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi barədə, həmçinin İçərişəhərin statusu, idarə olunması və qorunması barədə məlumat verilib.