22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il dövlət başçısı milli mətbuatımızın 145 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Əlamətdar gün və yubileylə bağlı bölgələrdəki mədəniyyət müəssisələri də müxtəlif tədbirlər keçirlib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Gənclər Kitabxanası Milli Mətbuat Günü münasibətilə “Azərbaycanın ilk satirik jurnalı: “Molla Nəsrəddin” adlı onlayn məruzə təqdim edib. Kitabxananın fəal oxucusu Günel Zeynallının təqdim etdiyi məruzədə qeyd olunub ki, “Molla Nəsrəddin” dərgisi fəaliyyəti dövründə xalqı təhsilə, elm və tərəqqiyə, milli birliyə çağıran ideyaların carçısı kimi çıxış edib.

***

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qubaxəlilli kənd Yaradıcılıq evi və Lahıc qəsəbə klubunda Milli Mətbuat Gününə həsr olunmuş tədbir-sərgi təşkil edilib. Tədbir sanitar-epidemioloji tələblərə uyğun şəkildə keçirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi milli mətbuatımızın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirib. Mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edən idarənin rəisi Vüqar Qədirov milli mətbuatın tarixinə nəzər salıb. Bildirilib ki, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti, bu yolun başlanğıcı olmaqla yanaşı, mətbu ənənələrin davamı üçün münbit zəmin yaradıb.

Videokonfransa qatılan tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov, regional idarənin rəis müavini Gülgün Kərimov, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, mətbuat nümayəndələri əlamətdar günlə bağlı təbriklərini çatdırıblar.

Tovuz rayon MKS-nin Mərkəzi kitabxanası “Azərbaycan mətbuatının 145 ili” mövzusunda onlayn tədbir keçirib. MKS-nin direktoru Güldərən İbrahimova, Oxu zalının müdiri S.Bağırova çıxış ediblər. Abonement bölməsinin müdiri A.Yəhyayeva “Milli mətbuat-145” başlığı altında təşkil edilən onlayn sərgi haqqında məlumat verib.

Qazax, Zərdab və Ucar rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev - milli mətbuatın hamisi” mövzusunda videokonfrans keçirilib. Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxış edərək ölkəmizin mətbuat işçilərinə peşə bayramları münasibətilə təbriklərini çatdırıblar.

***

Ağcabədi Rayon İcra Hakimiyyəti və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş videokonfrans keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa milli mətbuatımızın zəngin və şərəfli inkişaf yoluna nəzər salıb. İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədovanın “Milli mətbuatımızın tarixi” adlı məruzəsi dinlənilib.

Ağcabədi rayonunda nəşr olunan “Aran” qəzetinin əməkdaşı Adil Misirli, şair Gündüz Sevindik, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səadət Kazımova “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, maariflənməsində böyük rol oynadığını bildiriblər.

***

Bərdə rayon Heydər Əliyev Mərkəzi, Bərdə Dövlət Rəsm Qalereyası, şəhər Bülbül adına 1 nömrəli Uşaq incəsənət məktəbi, Mingəçevir şəhər Mədəniyyət Mərkəzinin filialı S.Vurğun adına Mədəniyyət evi, Yevlax Şəhər Tarix-Diyarşünaslıq Muzeyi Milli Mətbuat Günü münasibətilə videoçarxlar hazırlayıb.

 

Müəssisələr öz işini mövcud şəraitə uyğun davam etdirir

 

Qazax, Beyləqan və Tərtər rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü (23 iyul) ilə əlaqədar videokonfrans keçirilib. Çıxışlarda yekdil bir fikir vurğulanıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğalçı qüvvələrdən azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq.

Qazax rayon MKS “Könüllülər ili” çərçivəsində “Milli ordumuz qürur mənbəyimizdir” mövzusunda videokonfrans keçirib, eyniadlı sərgi təşkil edib. MKS-nin direktoru Solmaz Babanlı və digər çıxış edənlər bildiriblər ki, şəhidlərin qəhrəmanlıqları gənclər üçün örnəkdir. Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Nərmin Cəbiyeva “Ağlama, şəhid anası” şeirini söyləyib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Zülfiyyə Hüseynova “Çırpınırdın, Qara dəniz” mahnısını pianoda ifa edib.

***

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin videokonfrans formatında iclası keçirilib. Mərkəzin direktoru Araz Şəmdinli mədəniyyət müəssisələrində tədbirlər planına uyğun olaraq keçirilməsi nəzərdə tutulan tədbirlərin onlayn şəkildə təşkil edilməsi və bununla bağlı videoçarxların hazırlanması barədə tapşırıqlar verib. Sonda müəssisələrin pandemiya dövründəki fəaliyyəti barədə hesabatları dinlənilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ağdam rayonunun işğalının 27-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə Ağdam Rayon Dövlət Rəsm Qalereyası, Zəngişalı, Qaradağlı, Əliağalı, Üçoğlan, Yusifcanlı kənd mədəniyyət evləri, Rzalar və Əlimədədli kənd klublarının əməkdaşları iştirak ediblər. Tədbirdə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ağır nəticələrindən söz açılıb.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəliyinin videokonfrans formatında iclası keçirilib. Hacıqabul rayonu üzrə nümayəndə Elnur Əmiraslanov çıxış edib. Sonra kənd mədəniyyət müəssisələrinin fəaliyyətindən danışılıb, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

***

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialının kitabxanaçısı Samirə Məmmədovanın təşkilatçılığı ilə torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuş əsgərlərimizə həsr olunmuş “Vətən çağırır məni” adlı “Açıq kitabxana” günü təşkil edilib. Kitabxananın həyətində vətənpərvərlik mövzusuna həsr edilmiş kitablar sərgilənib.

Oğuz rayon Yemişənli kənd kitabxana filialının müdiri Rəqsanə Tahirovanın təşkilatçılığı ilə kəndin yaşlı sakini Qələm Səfərova səyyar kitabxana xidməti göstərilib. Bu il 150 illik yubileyi qeyd olunan görkəmli yazıçı-dramaturq, dövlət xadimi Nəriman Nərimanovun ömür yolu və yaradıcılığına dair kitablar təqdim edilib.

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan əsgəri, hər zaman irəli!” adlı tədbir keçirilib. Mərkəzin direktor əvəzi Şəbnəm Əlibəyli mövzu üzrə çıxış edib. Sonda iştirakçılar vətənpərvərlik mövzusunda videoçarx izləyiblər.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatovanın iştirakı ilə keçirilən videokonfransda idarə rəisinin tapşırıqları diqqətə çatdırılıb, sərtləşdirilmiş karantin dövründə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin keçirdiyi videokonfransların, hazırladıqları onlayn tədbirlərin və videoçarxların idarənin saytında və onun sosial şəbəkə səhifələrində mütəmadi işıqlandırılması, sosial şəbəkələrdə aktivliyin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Nurəddin MƏMMƏDLİ