1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvət, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.

Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.

Məlum olduğu kimi, Cümhuriyyət dövründə (1918) Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmadı. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edildi.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edilsə də, onun icrası illərlə uzandı. Nəhayət, Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanı ilə bu proses başa çatdı. Həmin ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi.

2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. O vaxtdan bu əlamətdar gün ana dilimizin və əlifbamızın bayramı kimi qeyd edilir.