Hər il müqəddəs Qurban bayramı ərəfəsində müxtəlif ölkələrdən milyonlarla müsəlman Həcc ziyarətinə gedərdi. Bu il pandemiya səbəbindən kütləvi Həcc ziyarəti təxirə salınıb.

Səudiyyə Ərəbistanı Krallığının qərarı ilə bu il Həcc ziyarətinə məhdud sayda – cəmi min zəvvar qəbul ediləcək. Onların ilk qrupu Məkkəyə gəlib. Zəvvarlar ölkədə yaşayan yerli və əcnəbi dindarlardan ibarətdir.

Krallığın Həcc və Ümrə məsələləri üzrə naziri Məhəmməd Saleh Bentenin bildirib ki, zəvvarlar Məkkəyə gəlməzdən əvvəl öz evlərində karantin müddəti keçirib və bundan sonra yenidən COVİD-19-a qarşı müayinə olunublar. Nazir əlavə edib ki, Məkkə və Mədinədəki məscidlərdə, habelə zəvvar düşərgələrində yoluxma hallarının olmaması üçün ən ciddi tədbirlər görülüb.

Son on il ərzində ümumilikdə 150 milyon zəvvarın qəbul olunduğunu deyən nazir növbəti ildə pandemiyanın aradan qalxacağına və normal Həcc ziyarəti keçiriləcəyinə ümidvar olduğunu bildirib.