İyulun 31-i və avqustun 1-i ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bütün dünyanı saran pandemiya üzündən İslam aləminin müqəddəs bayramını bu il Azərbaycan da məhdud şərtlər çərçivəsində qarşılayır.

Bu fikir Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı münasibətilə xalqa təbrik müraciətində vurğulanır. “Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbir, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!”.

Müraciətdə qeyd olunur ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peyğəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Təbrikdə bildirilir ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir:

Qeyd edək ki, bu il məlum karantin şərtləri nəzərə alınaraq qurbanlıq heyvanların kəsimində və satışında kütləviliyin yaranmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülüb. Bu məqsədlə Qurban bayramı ilə əlaqədar onlayn satış-yarmarkası təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində onlayn satış portalı – www.qurbanliq.kendden.az saytı yaradılıb. Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar sayta daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək.  Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər.

Daxili İşlər Nazirliyi də vətəndaşlara müraciətində karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış-yarmarkalarından alınması üçün sözügedən satış portalından istifadə etməyi tövsiyə edir. Nazirlikdən bildirilib ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.