Mövcud şəraitə uyğun çeşidli layihələrlə davam edir

Ucar və Zərdab rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Vətəndaşlıq və vətənpərvərlik” mövzusunda videokonfrans  keçirilib. Videokonfransda  Ağdaş, Göyçay, Ucar, Zərdab, Tərtər və Tovuz rayon Heydər Əliyev mərkəzlərinin direktorları, muzey və mədəniyyət mərkəzlərinin, eləcə də Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak edib. Çıxışlarda yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb. Regional idarənin Ağdaş rayonu üzrə məsləhətçisi İlqar Vəliyev vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb.

***

Ağstafa, Qazax və Tovuz rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı” mövzusunda onlayn tədbir keçirilib. Tədbir görkəmli ədibin 150 illik yubileyi münasibətilə təşkil olunub.

Bildirilib ki, yaradıcılığa XIX əsrin 90-cı illərində başlayan Ə.Haqverdiyevin dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Ədibin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan sənətkarın yaradıcılığına verilən dəyərin göstəricisidir.

Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş onlayn tədbir keçirilib. Qeyd olunub ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin 68 saylı şəhər kitabxanasında “Yay məktəbi” layihəsi çərçivəsində “Kitab oxu, kitabla dost ol” adlı mütaliə saatı keçirilib. Tədbirin məqsədi kitabxanada olan kitablarla məktəbliləri tanış etmək, onları mütaliəyə həvəsləndirməkdən ibarətdir. Tədbirdə uşaqlar mütaliə etdikləri əsərlər haqqında öz fikirlərini söyləyib və kitabxananın fonduna daxil olan yeni kitablar ilə tanış olublar.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşularaq elan etdiyi yaradıcılıq müsabiqəsi yekunlaşıb. Regional idarənin əhatə etdiyi rayonlar üzrə iştirakçılar yaratdığı əsərləri (əl işi, rəsm əsəri, musiqi, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) idarənin sosial şəbəkə səhifəsinə göndəriblər. Sonra hər nominasiya üzrə qaliblər müəyyənləşdirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans formatında növbəti iclası keçirilib. İclasda müəssisələrdə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda idarənin rəisi Elman Məmmədov karantin dövründə görülən işlər, tabe müəssisələrdə sənədləşmə işlərinin aparılması və qarşıda duran vəzifələr barədə danışıb. O, kitabxanaların səyyar kitabxana xidməti, virtual müsabiqələr və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən bəhs edib. Klub tipli müəssisələrin onlayn konsertlərinin, dərnək üzvlərinin virtual sərgilərinin keçirilməsi üçün müvafiq tövsiyə və tapşırıqlar verilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Ana dilim - doğma dilim” adlı virtual müsabiqə təşkil edilib. Müsabiqədə I yerə Ayan Mürsəlli, II yerə Şəfa Hilalova, III yerə isə Ləman Qənbərli layiq görülüblər.

İmişli rayon MKS-nin kollektivi tərəfindən xüsusi karantin dövründə sosial dəstəyə ehtiyacı olan aztəminatlı, kimsəsiz və tənha yaşayan rayon sakinlərinə maddi yardımlar göstərilir. Kitabxana işçiləri Qaradonlu kənd kitabxana filialının əməkdaşları Aidə Musayeva və Elariz Əliyevin evlərinə gedərək qayğıları ilə maraqlanıb və hər iki ailəyə maddi yardım göstəriblər.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzi filialları ilə birlikdə videokonfrans keçirib. Mərkəzin direktoru Telman Məmmədov regional idarə rəhbərliyinin tapşırıqlarını diqqətə çatdırıb, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova rayonun “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə “Vətənpərlik hissinin aşılanmasında Heydər Əliyev nümunəsi” mövzusunda online tədbir keçirib. Direktor qeyd edib ki, vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, yurduna, vətəndaşı olduğu ölkəyə məhəbbətdən doğan ən ali və əzəli hisslərdəndir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Onlar öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin Ermənistanın son hərbi təxribatı ilə bağlı növbəti videokonfransı keçirilib. İdarənin rəisi Əhməd Ramazanov qeyd edib ki, bu il iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Azərbaycan öz dövlət sərhədini qoruyub.

Digər çıxış edənlər bildiriblər ki, son hadisələr təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsilə həllində maraqlı olmadığını bir daha sübut edir.

Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən onlayn müşavirə keçirilib. Regional idarənin məsləhətçisi Telman Əzimov karantin dövründə müəssisələrin fəaliyyətindən, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər barədə söhbət açıb. Mədəniyyət mərkəzinin direktoru Mirtale Ağazadə mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə tapşırıqlar verib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon İsmayıl Dağıstanlının xatirə muzeyinin təşkilatçılığı ilə “Tarix yazan qəhrəmanlar” mövzusunda videokonfrans keçirilib. Çıxışlarda vətən uğrunda döyüşlərdə oğul və qızlarımızın qəhrəmanlıqlarından danışılıb, onların fəaliyyətinin gənclər üçün örnək olduğu vurğulanıb.

Şəki Uşaq incəsənət məktəbinin rəsm müəllimi Müşfiq İsaqov şəhid polkovnik İlqar Mirzəyevin portretini çəkərək “Facebook” səhifəsində paylaşıb.

Oğuz rayon MKS-nin Böyük Söyüdlü kənd kitabxanasında “Yay məktəbi” çərçivəsində “Gəlin yayı kitabla keçirək” adlı mütaliə saatı təşkil edilib. MKS-nin kənd kitabxana filiallarının təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, vətəndir” adlı videosöhbət keçirilib. MKS-nin Çaldaş kənd kitabxanasının əməkdaşı Maygül Mustafayeva tərəfindən kəndin yaşlı sakini Bəsdi Əmrahovaya və oxucu Hədiyyə Əmrahovaya səyyar kitabxana xidməti göstərilib.

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gəncliyin səsi” mövzusunda videokonfrans keçirilib. Çıxışlarda gəncləri maraqlandıran bir çox məsələlərlə bağlı müzakirələr aparılıb.

Zaqatala rayon Mosul kənd Mədəniyyət evinin müdiri, müğənni Şaiq Əlixanov onlayn solo konsertlə çıxış edib. “Facebook” şəbəkəsi üzərindən yayımlanan konsertdə vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə videokonfrans keçirilib. Konfransda müəssisələrdə keçirilən tədbirlərdə könüllü gənclərin cəlb edilməsi müzakirə olunub.

Nurəddin MƏMMƏDLİ