Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 6-na olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

Qeyd edək ki, iyunun üçüncü ongünlüyündən başlayaraq 500-600 arasında dəyişən gündəlik yoluxma sayında iyulun ortalarından azalma müşahidə olunur. Nəticədə 16 iyuldan 6 avqustadək aktiv xəstə sayı 8575-dən 3493-dək azalıb. Avqustun 5-də yeni yoluxma 200-dən aşağı düşüb ki, bu da may ayının göstəricilərinə uyğundur.