Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin 5 avqust tarixindən qismən yumşaldılması barədə qərar qəbul edib.

Qərarda bildirilir ki, ötən müddətdə həyata keçirilən tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir.

Qərara əsasən, 5 avqust tarixindən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub.

Eyni tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib.

COVİD-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust tarixinədək xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda məhdudiyyətlər qüvvədədir:

həftəsonları (şənbə və bazar günləri) bütün ictimai nəqliyyatın hərəkəti;

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

muzey və sərgi zallarının fəaliyyəti;

bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan və  müsabiqələr istisna olmaqla);

açıq havada idman yarışlarının və bütün kütləvi tədbirlər.

Eyni zamanda Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli qərarı ilə elan edilmiş digər məhdudiyyətlər qüvvədədir.