Son illər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində genişlənən könüllülük fəaliyyəti mədəniyyət sahəsini də əhatə etməkdədir. Prezident İlham Əliyevin “2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncamı bu fəaliyyətin genişlənməsi üçün əlavə zəmin yaradır.
Bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) pandemiya dövründə regionlarda xüsusi fəallıq göstərmiş gənc mədəniyyət könüllüləri ilə görüş təşkil edib.
Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən görüşü mərkəzin elmi katibi Cavid Əliyev açıb. Bildirib ki, ötən ildə MEMİM tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə, yarışlarda, sərgilərdə, müsabiqələrdə, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllü olaraq fəal iştirak ediblər. Qeyd edilib ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin təşviqi, bu fəaliyyətdə səmərəliliyin artırılması, müəssisələrarası əlaqələrin möhkəmləndirilməsi, həmçinin, pandemiya dövründə xüsusi fəallıq göstərmiş gənc mədəniyyət könüllülərinin mükafatlandırılmasıdır.
Mərkəzin şöbə müdiri Nurəddin Babazadə pandemiya dövründə yerli və beynəlxalq könüllülük fəaliyyətini müqayisəli təhlil edib, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə danışıb.
Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev tədris müəssisəsinin fəaliyyətindən bəhs edib.
Görüşdə çıxış edən Gədəbəy rayonunun mədəniyyət könüllüləri bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda MEMİM-in direktoru Asif Usubəliyev çıxış edərək gənc mədəniyyət könüllülərinin Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini ifadə edib. Direktor diqqətə çatdırıb ki, keçən il mərkəzin təşəbbüsü sayəsində Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının, Bakı Humanitar Kollecinin tələbələri könüllülər sırasına qoşulub. Vurğulanıb ki, öz tarixini, mədəniyyətini təbliğ edən hər bir şəxsi könüllü adlandırmaq olar.
Sonda mədəniyyət könüllüləri Nicat Nəsibov, Fatimə Əmiraslanova, Nəhayət Mustafayev, Sübhan Xıdırzadə, Muraz Süleymanov və Narın Məmmədhəsənova ictimai fəallığına görə MEMİM-in sertifikatları ilə təltif olunub.
Qeyd edək ki, tədbirə onlayn formatda bir sıra şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərinin direktorları da qoşulub.