Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrin fəaliyyətinə həsr olunmuş növbəti onlayn müşavirəsi keçirilib. Müşavirədə müəssisələrin fəaliyyəti ilə əlaqədar irad və təkliflər bildirilib. Mədəniyyət ocaqlarında işin mövcud şəraitə uyğun qurulması, koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə qoyulmuş qadağalara əməl edilməsi, müəssisələrdə mütəmadi olaraq dezinfeksiya işlərinin aparılmasının vacibliyi vurğulanıb.

***

Şamaxı rayon Heydər Əliyev Mərkəzi və YAP Şamaxı rayon Gənclər birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda onlayn görüş  keçirilib. 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə  keçirilən tədbirdə rayonun Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib. Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxışında əlamətdar günün ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edildiyini vurğulayıb.

İsmayıllı rayon MKS-nin Mərkəzi kitabxanası isə “Dilimiz, mənəviyyatımız” adlı videokonfrans keçirib. Tədbir iştirakçıları mövzu ilə bağlı kitabxana filiallarının hazırladıqları sərgilərdən ibarət videoçarxları izləyiblər.

***

Oğuz rayon Şirvanlı kənd kitabxanasında kiçikyaşlı məktəblilərin yay tətilini maraqlı keçirmək məqsədilə “Nağıl saatı” təşkil edilib.

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan kinosu-122” adlı tədbir keçirilib. Tədbiri mərkəzin direktor əvəzi Ş.Əlibəyli açaraq milli kinomuzun tarixi haqqında qısa məlumat verib. Sonra tədbir iştirakçıları “Heydər Əliyev və milli kinomuz” adlı videoçarxı izləyiblər. Sonda iştirakçılar Azərbaycan kinosunun tarixinə həsr edilmiş virtual kitab sərgisi ilə tanış olublar.

Balakən rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş videokonfrans keçirilib. MKS-nin direktoru Məryəm Tağıyeva, digər çıxış edənlər dilimizin saflığını qorumağın və gənc nəsillərə ötürməyin vacib olduğunu vurğulayıblar.

Zaqatala Rayon Gənclər və İdman İdarəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli birlik və həmrəyliyimiz ən güclü silahımızdır” mövzusunda videokonfrans keçirilib. Könüllü gənclərin də qatıldığı tədbirdə Gənclər və idman idarəsinin rəisi Araz Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, gənc fəal Dürrə Hacıyeva, gənc müəllim Günel Məmmədova və başqaları çıxış ediblər.

***

Gəncə şəhər MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə “Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir” adlı onlayn tədbir keçirilib. Şöbə müdiri Ellada Rəhimova Prezident Heydər Əliyevin fərmanı ilə təsis olunan 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü barədə danışıb. MKS-nin direktoru Elmira Əliyeva qeyd edib ki, dil tükənməz mənəviyyat xəzinəsidir.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüləri arasında müsabiqə keçirilib. Mərkəzin direktoru Məhsəti Musa mədəniyyət ocağında könüllülərin fəaliyyəti, həyata keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verib.

Sonra ümummilli liderin həyat və fəaliyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzi haqqında ümumi suallar könüllülər tərəfindən fərdi şəkildə cavablandırılıb. Mərkəzin bələdçi vəzifəsi üzrə könüllüsü Günel Quliyeva müsabiqənin qalibi olub.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Qapanlı kənd kitabxanası oxucularına səyyar kitabxana xidməti göstərib. Kənd sakinlərinə müxtəlif mövzulu kitablar təqdim olunub.

Mingəçevir şəhər “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə onlayn görüş keçirilib. Görüşdə gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və gənclərin inkişafına diqqət və qayğıdan bəhs olunub. Sonra gənclərlə fikir mübadiləsi aparılıb, onların sualları və təklifləri dinlənilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin iştirakı ilə növbəti videokonfrans keçirilib. İdarənin rəisi xüsusi karantin rejimi günlərində mədəniyyət sahəsinin idarə olunması, regional idarənin fəaliyyəti, mədəniyyət müəssisələri tərəfindən onlayn şəkildə həyata keçirilən tədbirlər haqqında danışıb. Videokonfrans iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onların sual və təklifləri dinlənilib.

***

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında karantin rejiminin tələblərinə əməl olunmaqla “Dilimiz mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib. Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev tədbiri açaraq Azərbaycan dili haqqında məlumat verib, dilimizə dövlət qayğısından söz açıb. Uşaq kitabxanasının oxucuları dilimizə həsr edilmiş şeirlər səsləndiriblər.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzinin işçi kollektivi Qurban bayramı münasibətilə bir qrup imkansız ailəyə qurban payı təqdim edib. Mərkəzin rəhbəri Səbinə İsmayılova bayram münasibətilə sakinləri təbrik edib.

***

Tovuz rayon Mərkəzi kitabxanası “Ana dilim – doğma dilim” mövzusunda onlayn tədbir keçirib. Rayon MKS-nin direktoru Güldərən İbrahimova Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün tarixindən söz açıb. Tədbirdə dilimizə aid şeirlər səsləndirilib və kitab sərgisi nümayiş etdirilib.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Şəki şəhər orta ümumtəhsil məktəblərinin iştirakı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Mərkəzin direktoru Humay Aslanova mövzu ilə bağlı çıxış edib. Şəki şəhər məktəbliləri ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və ana dili” mövzusunda onlayn tədbir keçirilib. Mərkəzin direktoru Ləman Cəlilova, Qaçaq Kərəm kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Rəna Əsgərova ana dili gününün təsis olunmasının əhəmiyyətindən danışıblar. Şagirdlər şeirlər səsləndiriblər.

Qazax rayon MKS-nin keçirdiyi “Ünlü ulularımız” adlı videokonfrans görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunub. MKS-nin direktoru Solmaz Babanlı ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra “Tarixdə iz qoyanlar” adlı sərgi nümayiş etdirilib, Mərkəzi kitabxananın Uşaq şöbəsinin fəal oxucuları dramaturqun “Mirzə Səfər” hekayəsi əsasında səhnəcik göstəriblər.

Qazax Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə rəssam Əbdül Şərifin iştirakı ilə onlayn ustad dərsi keçirilib. Qalereyanın dərnək üzvlərinin qatıldığı ustad dərsində Əbdül Şərif sulu boya texnikasının xüsusiyyətləri haqqında danışıb. O, uşaqların rəssamlıq bacarıqlarını inkişaf etdirmək və sulu boya texnikasının özəllikləri ilə bağlı məsləhətlər verib.

***

Astara şəhər Uşaq musiqi məktəbinin VII sinif şagirdi Aysu Mustafazadə Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, məşhur pianoçu həmvətənimiz, Əməkdar artist Adilə Əliyevanın adına Pianoçuların XV beynəlxalq müsabiqəsində uğur qazanıb. Pandemiya səbəbindən bu il virtual formatda təşkil edilən müsabiqəyə 300-dən çox ifaçı qatılıb. Aybəniz Dadaşovanın yetirməsi olan Aysu öz yaş qrupunda müsabiqənin hər üç turunun proqramını videoçəkiliş edərək münsiflər heyətinə təqdim edib. Yarışmanın finalına çıxan 25 nəfərdən biri olan astaralı musiqiçi üçüncü yeri tutaraq laureat olub.

Nurəddin MƏMMƏDLİ