Astara rayonunun Pensər kəndi qədim tarixə malikdir. Bu kənd həm də sakinlərinin peşəsi ilə də məşhurlaşıb. Bu peşə isə ağır zəhmət tələb edən təndir düzəldilməsidir. Hətta kənddə “Təndirkəsənlər” məhəlləsi də var. Məhəllə sakinlərinin hamısı eyni peşənin sahibləridir – təndir düzəldirlər və gündəlik qazanclarını bundan əldə edirlər.
Pensər kəndinin ustalarının düzəltdikləri təndirlər digərlərindən fərqlənir. Sarı gil və narın çay qumunun qarışığından hazırlanan təndirlər nazik və yüngül olması ilə diqqəti cəlb edir.
Kənddə təndir düzəldən ailələrdən biri də Elşən Hüseynovun ailəsidir. Təndirçinin sözlərinə görə, əvvəllər babası, sonra atası, indi isə özü ailəsi ilə birlikdə təndir hazırlamaqla çörəkpulu qazanır: “Azərbaycanda bir dənə təndir məhəlləsi varsa, o da bizim məhəllədədir. Ona görə əvvəldən də elə bu məhəllədə təndir düzəldənlər məskunlaşıb”.
Təndiri yayda iki günə hazır etmək mümkündür, qışda isə bu iş bir həftəyə başa gəlir. Ölçüləri sifarişçinin istəyindən asılı olaraq dəyişir. Böyük təndir 40 manata, kiçik təndir isə 25 manata satılır. “Müxtəlif növ torpaqlar olur – qara, qumlu... Təndiri isə sarı palçıqdan düzəldirik. O da əziyyətlə tapılır”, – deyə usta bildirib.
Gənc usta sevinir ki, gələcəkdə sənətini ailəsində davam etdirən olacaq: “Bir oğlum var. Görürəm ki, onun da bu işə həvəsi var. Bu sənət, çox güman ki, itməyəcək, davam edəcək”.
Pensər kəndində 50-dək ailə dolanışığını təndir hazırlayıb satmaqla təmin edir. Sənətkarlar ölkənin müxtəlif rayonlarından da sifarişlər alırlar.