AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani etnik kəndlərin turizm potensialını tədqiq etmək məqsədilə Azərbaycanın şimal-qərb bölgəsində olub.

İnstitutdan bildirilib ki, mütəxəssis tədqiqat prosesində yaxından iştirak edən AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimovla birlikdə Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında müsəlman və xristian ingiloyların, avar, saxur, ləzgi və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirib. Tədqiqat nəticəsində öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, bu sahədə bir sıra problemlər də müəyyən edilib. Bəzi turizm abidələrinin lazımi səviyyədə qorunmaması, ətraf ərazilərdə natəmizlik, kənd əhalisinin abidələrin hasara alındığı yerlərdə mal-qara otarması diqqətdən yayınmayıb.

Coğrafiyaçı alim qeyd edib ki, tədqiq olunan Mahamalar, Salban, Qaxbaş, Qum, Kötüklü, Ləkit, Şin, Nic və s. kəndlərin böyük turizm potensialı var və gələcəkdə bu kəndlərə həm yerli, həm də xarici turist axınını artırmaq olar.