AMEA Mərkəzi Nəbatat bağının əməkdaşları tərəfindən Lerik rayonu ərazisində dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yayılmış Azərbaycanın nadir və qiymətli bitkilərindən olan giləmeyvəli qaraçöhrə populyasiyası tədqiq edilib.

Nəbatat bağından bildirilib ki, tədqiqatların əsas məqsədi Qafqazda meşə şəraiti ilə fərqlənən Lerik qaraçöhrəliyinə iqlim amillərinin təsirinin öyrənilməsi olub.

ABŞ-ın Minnesota Universitetinin alimləri ilə birgə aparılan oduncaq-halqa nümunələrinin analizi nəticəsində son illərdə ərazidə baş verən temperatur dəyişkənliyinin ilin müxtəlif dövrlərində bitkinin artımına təsiri araşdırılıb. Aparılan tədqiqatlar yüksək elmi maraq doğurduğundan nəticələr dünyada dendroxronologiya elmi sahəsində nüfuzlu hesab olunan “Tree-ring research” jurnalında nəşrə qəbul edilib.