2-ci yazı. İsmayıllı rayonu

Qədim tarixi olan Azərbaycanın zəngin və çoxşaxəli folkloru var. Onun yaranması və inkişafı isə ölkəmizin ayrı-ayrı bölgələrində intişar tapır. Bölgələrimizdə folkloru yaşadanlar isə onu öyrənən, qoruyan və insanlara çatdıranlardır. Bu işdə folklor kollektivlərinin də mühüm xidmətləri var. Üzərində işlədiyimiz “Azərbaycan folklor kollektivləri” adlı tədqiqat işində müxtəlif bölgələrdə fəaliyyət göstərən belə qrupların dünəni və bu günü araşdırılır. “Mədəniyyət” qəzetinin 24 iyul 2020-ci il tarixli sayında bu silsilədən ilk olaraq Qəbələ rayonunun folklor kollektivlərindən bəhs etmişdik. Bu yazıda İsmayıllı rayonunun folklor qruplarından söz açacağıq.

Əvvəla, onu qeyd edək ki, folklorun yaranıb inkişaf  etməsində tarixi şəraitin də mühüm rolu var. İsmayıllı rayonu ölkəmizdə multikultural dəyərləri ilə fərqlənən tarixi məkanlardandır. Bu ərazidə qədimlərdən müxtəlif xalqlar məskunlaşıb. AMEA Folklor İnstitutunda hazırlanan “Azsaylı xalqların folkloru” çoxcildliyinin II kitabında (tərtibçilər filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli və Dadaş Əliyev; – Bakı, “Elm və təhsil”, 2017, 196 s.) İsmayıllıda yaşayan azsaylı xalqların şifahi mədəni irsindən bəhs olunur. Həmin xalqlardan tat, ləzgi, hapıt, rus (malakan) və rayonda daha azlıq təşkil edən yəhudi və kürdləri qeyd etmək olar. Tatlar əsasən Lahıc qəsəbəsi və 20-dək kənddə məskunlaşıblar. Ləzgilər rayonda 10-dək kəndin əsas sakinləri sayılır. Hapıtların böyük qrupu Mollaisaqlı və Hacıhətəmli kəndlərində, malakanlar İvanovka kəndində yaşayırlar.

Etnik mənşəli olan xalqların hərəsinin özünəməxsus adət-ənənəsi və folkloru var. Xüsusilə Lahıc və İvanovka folklor kollektivləri respublika və beynəlxalq miqyaslı tədbirlərdə rayonu və ölkəmizi layiqincə təmsil edirlər. 2019-cu ildə Gədəbəydə təşkil olunan Beynəlxalq Yaylaq Festivalında Lahıc və İvanovka folklor kollektivləri də uğurla çıxış ediblər.

Müxtəlif dil, dini inanclar, adət-ənənələr – bunlar folklor nümunələrində də təzahür olunur. Lahıcda yaşayan əhalinin tat və Azərbaycan dillərini mükəmməl bilməsi bu xüsusda özünü göstərir. Əsasən müsəlman mənşəli lahıclılar hər iki dildə folklor nümunələrini yaradıb və inkişaf etdiriblər. Belə olan halda onların yaradıcılıq istiqamətləri də sanki iki dildə cərəyan edir. Lahıcda Novruz bayramı, yaxud toy mərasimləri ümumazərbaycan miqyaslı mərasimlərlə üst-üstə düşsə də, hər birində onlar öz identikliyini də qoruyub saxlamağa çalışırlar.

 

“Lahıc” folklor qrupu

 

“Lahıc” folklor qrupu 1987-ci ildə Rauf Baxışov və İlham Bağırovun təşəbbüsü ilə yaradılıb. Bu işdə İsmayıllı şəhərində və Lahıc qəsəbəsində fəaliyyət göstərən müvafiq  idarə və təşkilatların, Lahıc qəsəbə əhalisinin böyük əməyi olub. Qrupun əsas məqsədi Lahıcın özünəməxsus sənət növlərini göstərmək, mətbəxini, adət-ənənələrini, qədim mahnı və rəqslərini, xalq oyunlarını təbliğ etməkdir.

Folklor qrupunun repertuarı əsas etibarilə tat dilində oxunan mahnılardan ibarətdir. Mövsümi və müxtəlif sənət sahələri ilə bağlı mahnılardan savayı, bu repertuara layla və holavarlardan ibarət janr çeşidində yer almış nəğmələr də daxildir. Yarandığı ildən, “Lahıc” folklor qrupu əvvəlcə Ümumittifaq Folklor Festivalında, sonra Astara və Şamaxı rayonlarında keçirilən respublika festivallarında uğur qazanıb. Qrup Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2006-cı ildə Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Azərbaycan – doğma diyar” devizi altında keçirilmiş azsaylı xalqların incəsənəti festivalında laureat adını qazanıb və 2008-ci ildə növbəti festivalda məzmunlu iştirakına görə diplom və mükafata layiq görülüb.

Kollektiv dəfələrlə paytaxtda keçirilən Novruz tədbirlərinə dəvət olunub. Bundan əlavə, “Lahıc” folklor qrupu respublikanın müxtəlif telekanallarında tamaşaçılara maraqlı repertuar təqdim edib, onların bu repertuarları bir çox sənədli filmlərin meydana gəlməsinə təkan verib. Yerli adət-ənənəni uğurla təbliğ etdiyi üçün qrup bir çox xarici ölkələrdən respublikamıza gəlmiş rejissorların da diqqətindən yayınmayıb, Malayziya və Türkiyə telekanallarında öz repertuarlarını və zəngin mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdiriblər.

“Lahıc” folklor qrupu 2019-cu ildə Qazaxıstanda keçirilən folklor festivalında iştirak edərək diplom və mükafatla təltif edilib. 2019-cu ildə Mədəniyyət nazirinin müvafiq əmri ilə qrupa “Xalq kollektivi” fəxri adı verilib. Qrupun üzvləri müxtəlif yaşda olan həvəskarlardır. Maarif Əliyev – bədii rəhbər, Sahibə Abdullayeva, Adil Kazımov,  İshaq Mövlamov, İlhamə Məmmədova, Məsumə İbrahimova, Vüsal Hüseynli,  Əliyar Bünyatov, Əbülfəz Pəngiyev, Zərraf Bədəlov, Amil  Talıbov kollektivin üzvləridir.

Qrupun repertuarına Lahıc qəsəbəsində yaşayan ləzgilərin də mahnı və rəqsləri daxildir. Bu yerdə İsmayıllı rayonundakı ləzgi folklor qrupu barədə söhbət açaq.

 

Ləzgi folklor qrupu

 

Əvvəla onu qeyd edək ki, ləzgilər əsasən İsmayıllı rayonunun Qalacıq, İstisu, Sumağallı, Qurbanəfəndi, Çayqovuşan və digər kəndlərdə yaşayırlar. Onların əmək fəaliyyətində xalçaçılıq mühüm yer tutur. Bu sənətin ləzgi folkloruna da müəyyən təsirləri olub. Xalçatoxuyan qızlar, gəlinlər öz zümzümələri ilə bayatılar söyləyib, mahnılar qoşublar ki, bunlar da dildən-dilə yayılıb.  Ləzgi dilində oxunan “Alagözlü”, “İstəyirəm sizi” mahnıları buna misaldır. Ləzgi nəğmələrində vətənpərvərlik, həsrət, nisgil, məhəbbət mövzusu və bu kimi  yaşantılardan bəhs olunur. “Ağlaram” adlı mahnı bayatılardan ibarətdir.

Yar oturmuş ağ kəhəri,
Göy çəməndə bağlaram.
Qardaşlarım davadadır,
Gündə üç yol ağlaram.

Bu və digər mahnılar Sumağallı kənd ləzgi folklor qrupunun repertuarındandır. Kollektiv Sumağallı kənd orta məktəbinin nəzdində yaranaraq fəaliyyətə başlayıb. Səkkiz üzvdən ibarət olan qrup yarandığı 2003-cü ildən bir sıra tədbirlərdə, o cümlədən baxış və müsabiqələrdə iştirak edib. Hazırda folklor qrupuna Seymur Rəsulov rəhbərlik edir. Qrupun çalışmalarına qeyri-ixtisas sahibləri də öz töhfəsini əsirgəmir. Sumağallı kənd orta məktəbinin rəhbərliyi və müəllim heyəti repertuarı hazırlamaqda yaxından köməklik göstərir. Məktəbin direktoru Mahmud Şirinov bir çox kompozisiyalara quruluşlar verir, bəzi hallarda isə bu kompozisiyaların müəllifi olur.

Ləzgi folklor qrupunun repertuarında müstəqil şəkildə hazırlanmış rəqs-tamaşalar da yer alır. Bu səpkidə tamaşalar onları daha da hazırlıqlı olmağa ruhlandırır. 2003-cü ildə azsaylı xalqların özfəaliyyət qruplarına baxış-müsabiqəsi üzrə Astara şəhərində keçirilən tədbirə qatılmış kollektiv məzmunlu çıxışı ilə tamaşaçıların rəğbətini qazanmışdı. Qrup Zaqatala şəhərində təşkil olunmuş baxış-müsabiqədə də iştirak edib. Repertuarına əsasən aşağıdakı rəqslər daxildir: “Çobanların savaşı”, “Qara qüvvələr”, “Qızlar rəqsi”, “Görüş”.

 

“Slavyanoçka”folklor qrupu

 

İsmayıllı rayonunun əhalisi əsasən malakanlardan ibarət olan İvanovka kəndi bütün Azərbaycanda məşhurdur. Kənd sakinləri əməksevərliyi ilə yanaşı, milli xüsusiyyətləri, mənəvi dəyərləri ilə əcdadlarının yolunu davam etdirərək adət-ənənələrini yaşadıb və öz folklor örnəklərini yaradıblar. Təbii ki, bu folklorun əsas qayəsi onların tarixi, həyat tərzi və bu kimi amillərlə bağlıdır.

AMEA-nın nəşri olan “Azsaylı xalqların folkloru” kitabında filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli malakanların folkloru barədə maraqlı məqamlara toxunub. Həmin mənbədə “Slavyanoçka” folklor qrupundan (keçmiş “İvanovka” folklor qrupu) bəhs olunur. Kitabda diqqətə çatdırılır ki, hələ mərhum Nikolay Nikitin İvanovka kənd kolxozuna rəhbərlik etdiyi vaxtda (XX əsrin 70-ci illəri) burada xor ifaçılarından ibarət özfəaliyyət kollektivi vardı. Daha əvvəllərdə isə bütün icma qarmonu və balalaykası olanların başına yığışaraq öz mahnılarını oxuyar, bu sədalar altında rəqs edərdilər. N.Nikitinin sədrliyi zamanı isə bu kollektiv daha da təkmilləşərək xor kollektivinə çevrildi.

Qrupun əsas məqsədi öz milli adət-ənənələrini qoruyub saxlamaq, geyimlərini, arxaikləşmiş mahnılarını gələcək nəsillərə ötürməkdir. Malakanlarda “çastuşka” deyilən maraqlı folklor nümunəsi var. Əgər oxuyub-oynayanda müxtəlif səslər çıxarılırsa (misal üçün – “uuh, aah” və s. səslər), deməli, bu səslər əhval-ruhiyyənin qalxması – daha da ürəkdən şənlənmək, “qəlbdən gələn səsləri” büruzə vermək deməkdir. “İvanovka” folklor qrupu 1995-ci ildən etibarən “Slavyanoçka” adı ilə tanınmağa başlayıb.

Qrup rayonda keçirilən bütün əlamətdar günlərdə, bayramlarda, tədbirlərdə yaxından iştirak edir. Maraqlıdır ki, kollektiv ənənəni saxlamaqla yanaşı, müasirliyə də can atır. Məsələn, “Slavyanoçka”nın repertuarına daxil olan əksər mahnıların mətnlərini ata-babadan, yəni şifahi olaraq ağızdan-ağıza keçmə sözlər təşkil edirsə, digər halda bu repertuarda mətni müasir dövrdə düzülüb-qoşulmuş mahnılar da yer alır.

Qrupun indiyə qədər qazandığı bir çox nailiyyətləri var. Kənd icma nümayəndəsi  Olqa Jabina və Heydər Əliyev adına orta məktəbin direktoru Mixail Uryupin İvanovkaya gələn qonaqlara davamlı olaraq bu haqda məlumat verirlər. “Slavyanoçka” qrupunun rəhbəri Qalina Kazakova da öz fəaliyyətlərindən həvəslə söz açır. Qrup azsaylı xalqların folklor kollektivlərinə baxış-müsabiqələrdə, festivallarda maraqlı çıxışları ilə daim tamaşaçıların qəlbinə yol tapa bilir.

 

Hapıt folklor qrupu

 

Əvvəla onu qeyd etməliyik ki, Hapıtlar soy-kökü qədim olan etnik qrupdur. Onlar iki əsrdən artıqdır ki, İsmayıllı rayonunda məskunlaşmış və buranın əhalisi ilə qaynayıb-qarışmışlar. Hapıtlar əsasən Hacıhətəmli və Mollaisaqlı kəndlərində yaşayırlar. Onlar öz dillərini, adət-ənənələrini qorumaqla yanaşı, Azərbaycan dilinə və milli ənənələrimizə də ehtiramla yanaşır, qarşılıqlı şəkildə inkişaf və təbliğ edirlər.

Hapıt folkloru haqqında material toplayarkən AMEA-nın əməkdaşı Dadaş Əliyev və jurnalist Qorxmaz Şixəliyevin araşdırmaları da bizə dəyərli mənbə oldu. Digər azsaylı xalqlarda olduğu kimi, hapıtların da atalar sözləri, tapmaca və bayatıları, alqışları, oxşamaları, mahnı və rəqsləri var. Həmin folklor nümunələrinin yaşamasında və gələcək nəsillərə çatdırılmasında “Hapıt” folklor qrupunun da mühüm xidmətləri var.

1998-ci ildə yaranan qrupa Zəminə Cəbrayılova rəhbərlik edir. O, eyni zamanda Mollaisaqlı kənd orta məktəbində fəaliyyət göstərən dərnəyin rəhbəridir. Qrupun repertuarında musiqi ilə müşayiət ayrıca önəm daşıyır. Mollaisaqlı kənd Mədəniyyət evi qrupa davamlı yardım göstərir. Qrup üzvləri hapıtların adət-ənənələrini, dilini, rəqslərini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmağı qarşıya məqsəd qoymaqla bərabər, yeri gəldikcə günün aktual məsələlərinə də münasibət bildirməyə səy göstərir. Məsələn,  kənddə içməli su problemini ədəbi formadan istifadə etməklə (bayatı və s.), həm də ictimai fikrə xoş gələn ifa tərzində gündəmə gətirmişlər. Qeyd edək ki, bu səhnəciyin də təqdimatında musiqi ilə müşayiətə xüsusi yer verilib. Qrup rayon ərazisində və respublika hüdudlarında keçirilən tədbirlərdə fəal iştirak edir.  

***

Ölkəmizdəki multikultural dəyərlər və tolerantlıq prinsiplərinə əsaslanaraq azsaylı xalqlar öz irslərini yaşadır və inkişaf etdirirlər. Bu işdə yerlərdəki folklor kollektivləri mühüm rol oynayırlar. Onların fəaliyyətinin ən ümdə cəhəti Azərbaycanın mədəni zənginliyini, mədəni müxtəlifliyini və müxtəlif xalqların, etnik qrupların birgə, mehriban yaşayışını nümayiş etdirməkdir. Bu kollektivlərin fəaliyyəti yaşadıqları bölgənin mədəni həyatında da mühüm əhəmiyyət kəsb edir. Bu silsilədən növbəti yazılarımız olacaq...

Səadət TƏHMİRAZQIZI
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru