Xaçmazda səyyar sərginin vaxtı uzadılıb
“YARAT” Müasir İncəsənət Məkanının bu ilin mart ayında Xaçmaz Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərginin vaxtı uzadılıb. Karantin dövründə fəaliyyətini dayandıran qalereya yenidən sənətsevərləri qəbul etməyə hazırdır. Sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq olacaq.
Sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət olunur. Həmçinin, “YARAT” “Nargis Magazine” ilə birgə əməkdaşlıq çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olan “Pablik art” proqramını təqdim edir. Burada Rəşad Ələkbərovun “Reuse, Reduce, Recycle” instalyasiyası nümayiş olunur.