UNESCO, UNİCEF və DST ekspertləri tövsiyələrini açıqlayıblar

Birləşmiş Millətlərin Təhsil, Elm, Mədəniyyət Təşkilatı – UNESCO, BMT Uşaq Fondu – UNİCEF və Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri yeni tədris ilinin başlanması ilə əlaqədar bir sıra tövsiyələrini açıqlayıblar.

Üç təşkilatın birgə bəyanatında deyilir: “Ölkələr məhdudiyyətləri yumşaltmaqda davam edirlər. Biz uşaqların təhsilini üstün tutmalıyıq. Məktəblər bağlı olanda uşaqlar təcrid olunur...”. Ekspertlər xatırladırlar ki, yoxsul ölkələrdə və bu cür regionlarda məktəblərin bağlanması uşaqların çoxu üçün ciddi fəsadlar doğura bilər.

“Zəruri texnologiya, müvafiq qurğular və dəstək vasitələri olmadan evdə təhsil almaq çoxları üçün ciddi stress mənbəyinə çevrilib. Bir sıra ölkələr uşaqların məktəbə qayıtması və tədris məşğələlərinə başlaması üçün bizim tövsiyələrdə əks olunmuş prinsipləri tətbiq edirlər”, – deyə birgə bəyanatda bildirilir.

Ekspertlər hansı hallarda məktəblərin tamamilə, hansı hallarda qismən açıla biləcəyi barədə məlumat verir, növbəli təlimə keçməyi və başqa ehtiyat tədbirləri tətbiq etməyi məsləhət görürlər. Məsələn, yeni yoluxma hallarının olmadığı və ya belə halların tək-tək baş verdiyi rayonlarda təhsil müəssisələri tamamilə açıla bilər.

Mütəxəssislər həm siniflərdə, həm də dəhlizlərdə və digər otaqlarda azı bir metr fiziki məsafə saxlamağı tövsiyə edirlər. Onların fikrincə, şagirdlərin sayı çox olan sinifləri qruplara bölmək üçün mümkün qədər çox müəllim və könüllü cəlb edilməsi zəruridir.