Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda keçirilən təlimlərə yekun vurulub.

KİVDF-dən bildiriblər ki, “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake” mövzusuna həsr olunmuş dördüncü onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – TRT, “Kanal D”, “Star TV” kanalları və informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim edilib.

Təlimdə müasir jurnalistikada saxta xəbər problemindən bəhs olunub, “fake news” və “deep fake” xəbərlərini müəyyən etməyin metodları barədə məlumat verilib, xəbər emalı zamanı diqqət tələb edən məqamlara aydınlıq gətirilib.

Qeyd edək ki, buna qədər media nümayəndələri üçün “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” və “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzularında təlimlər təşkil olunub. Ümumilikdə 4 təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən jurnalistlər iştirak edib.