648 nəfər “məqbul” qiymət alıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də keçirilmiş qabiliyyət imtahanının nəticələrini açıqlayıb.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək hüququ qazanmış 962 abituriyentdən 239-u imtahana gəlməyib. İmtahanda iştirak edən 723 abituriyentdən 648 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi sentyabrın 20-dək davam edəcək.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən sentyabrın 17-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi ilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 16-da DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.