Hüseyn Cavidin ev-muzeyində böyük şair və dramaturqun qızı, muzeyşünas, teatrşünas, mətnşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponat və kitablardan ibarət sərgi təşkil olunub.

Hüseyn Cavidin ev-muzeyindən bildirilib ki, sərgi Turan Cavidin (1923-2004) vəfatının 16-cı ildönümünə (12 sentyabr) həsr edilib.

Kiçik yaşlarından həyatın ən sərt üzünü görən, atasının şərəfli adının əbədiləşdirilməsi uğrunda qətiyyətlə mübarizə aparan Turan xanım vətənpərvər insan, nurlu şəxsiyyət idi. Azərbaycan Dövlət Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. Elmi-pedaqoji fəaliyyəti ilə bərabər Cavidlər ailəsinə məxsus materialların mühafizə edilməsində, Hüseyn Cavidin ev-muzeyinin yaradılmasında mühüm xidmətlər göstərib. Turan Cavid 1991-ci ildən ömrünün sonunadək həmin muzeyin direktoru vəzifəsində çalışıb. O, muzey işinin təşkili ilə yanaşı, atası Hüseyn Cavidin irsinin toplanılmasında, tədqiq və təbliğində əvəzsiz rol oynayıb. Hüseyn Cavidin beşcildliyinin hazırlanması da  Turan xanımın böyük xidmətlərindəndir.

Muzeyin fondunda onun həyat və yaradıcılığına işıq tutan materiallar da mühafizə olunur. T.Cavidin fədakar elmi, ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” adlı kitaba (2014) daxil edilib.