BMT-nin Baş katibi bədbin danışıb

“COVİD-19 pandemiyasının yaratdığı böhran həyatımızdakı digər böhranlardan tam fərqlidir. Koronavirus epidemiyası nəzarətdən çıxıb. Bu baxımdan Baş Assambleyanın bu il keçiriləcək iclası digər toplantılardan fərqli olacaq”.

BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 16-da keçirdiyi mətbuat konfransında belə deyib.

O bildirib ki, dünyada koronavirusdan ölən insanların sayı 1 milyona çatır. Koronavirus müasir dünyada sağlamlığımız üçün bir nömrəli təhlükədir. Baş katibin sözlərinə görə, çoxları ümidini vaksinə bağlasa da, pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksin hələ əldə edilməyib.

A.Quterreş vurğulayıb ki, yaxın 12 ay ərzində müalicəyə kömək edəcək, infeksiyanın yayılmasının qarşısını ala biləcək vasitələrin əldə edilməsi olduqca vacibdir. COVİD-19 sərhəd tanımır və hər kəs üçün əlçatan bir vaksinə ehtiyacımız var.

Bu arada başda Fransa olmaqla Avropanın bəzi ölkələrində koronavirusa yoluxma sayında ciddi artım qeydə alınmaqdadır. Bir sıra şəhər və regionlar səyahət üçün “qırmızı” zonalar elan edilir. Onların arasında Avropanın əsas mədəni turizm məkanlarından olan Vyana da var. Qonşu İsveçrə, Almaniya və Belçika Avstriya paytaxtını pandemiya ilə bağlı riskli regionlar siyahısına əlavə edib. Vyanadan bu ölkələrə gələnlər ya mənfi PCR testi (koronavirus yoxlaması) barədə arayış təqdim etməli, ya da 14 günlük ev şəraitində karantində olmalıdır. Sentyabrın əvvəlindən Vyana şəhərində hər 100 min nəfərə gündəlik 50-dən artıq yoluxma halının qeydə alınması belə bir qərarın verilməsinə səbəb olub.