1991-ci ildən başlayaraq hər il sentyabr-oktyabr aylarında Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” adı altında silsilə tədbirlər keçirilir.

“Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Pandemiya zamanına təsadüf edən builki “Avropa İrs Günləri” çox mühüm və aktual bir məsələyə – “İrs və təhsil” mövzusuna həsr edilib. Ona görə ki, COVİD-19 pandemiyasının mədəniyyətə təsiri hələ də davam edir: görməli yerlər turistlər üçün bağlanıb, mədəni həyat isə, demək olar ki, iflic vəziyyətinə düşüb.

Bu baxımdan, “Avropa İrs Günləri”nin pandemiya məhdudiyyətlərinə rəğmən təxirə salınmaması, əslində, sevindirici haldır. Deməli, mədəni irs bütün çətinliklərdən çıxaraq yaşayacaq.

Qeyd edək ki, “Avropa İrs Günləri” ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbir və təqdimatlarla qeyd olunub. O cümlədən regionlardakı tarix-mədəniyyət qoruqlarında, mədəni irs məkanlarında layihələr, “açıq qapı” aksiyaları həyata keçirilib. Bu il də mövcud şərait nəzərə alınmaqla bir sira tədbirlər nəzərdə tutulub.