İtaliyanın səyahət portalı Balaxanı haqqında

Bakının tarixi yaşayış məntəqələrindən olan Balaxanı qəsəbəsinin mədəni turizm məkanına çevrilməsi ilə bağlı həyata keçirilən layihə, bu mövzuda çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı ilə bağlı yayılan fotolar İtaliyanın “Si Viaggia” səyahət portalının da diqqətini cəlb edib. Portalda “Turistləri və blogerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı dərc olunub.

Yazıda son dövrlərdə Azərbaycanda turizm sektorunun inkişaf etdiyi, paytaxt Bakı ilə yanaşı, UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Şəkinin, eləcə də digər tarixi şəhərlərin, turizm marşrutları boyunca yerləşmiş yeni məkanların tanındığı qeyd edilir. Bildirilir ki, Balaxanı dünyanın ən qədim neft hasilatı nöqtələrindən biridir. Məhz burada ilk dəfə XIX əsrdə neftin sənaye üsulu ilə çıxarılmasına başlanılıb, sonralar ilk neftayırma zavodu qurulub.

Hazırda neftdən çirklənmiş ərazilər təmizlənir və yenidənqurma işləri davam edir. Qəsəbənin siması inanılmaz dərəcədə dəyişib. Bir vaxtlar boz sənaye qəsəbəsi olan Balaxanı bu gün artıq rəngarəng bir məkana çevrilib. Qəsəbənin mərkəzi küçələri abadlaşdırılıb, evlərin divarları boyanıb, fasad və hasarlara maraqlı dekorasiya elementləri yerləşdirilib, turistlərin istirahəti üçün milli və Avropa stilində istirahət məkanları qurulub. Qəsəbədəki ağ və mavi rəngə boyanmış evlər isə xüsusi ab-hava yaradıb.