Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2020-ci il tarixli müvafiq qərarları ilə “Yanardağ”, “Atəşgah məbədi”, “Xınalıq” və “Keşikçidağ” dövlət qoruqlarının əsasnamələrində dəyişikliklər edilib. Dəyişikliklər sözügedən qoruqları idarəetmə səlahiyyətinin Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilməsi ilə bağlıdır.

Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki,  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması məqsədilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” yaradılıb. Mərkəzin Nizamnaməsi təsdiq edildiyindən Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarını idarəetmə səlahiyyəti həmin Mərkəzə verilib. Buna uyğun olaraq “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əsasnamələrində müvafiq dəyişikliklər edilib.

Bununla bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi aşağıdakı səlahiyyətlər əldə edir:

- Qoruqların idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır;

- Qoruqların inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər ilə qoruqları maliyyələşdirir və toplanılan gəlirdən qoruqların inkişaf etdirilməsi məqsədilə onların inkişafı üçün səmərəli şəkildə istifadə edir.

Öz növbəsində qoruqlar tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim etməlidirlər.