Xəbər verdiyimiz kimi, Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti yeni mövsümdə pandemiya və karantin məhdudiyyətləri səbəbindən öz səhnəsində tamaşaçılarla ənənəvi görüşə gələ bilməsə də, 52-ci teatr mövsümünü maraqlı bir layihə əsasında və fərqli formatda tamaşa ilə açıb.
Sentyabrın 18-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının “Sara” adlı yeni tamaşasının premyerası olub.
Tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək – açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunub.
Tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb. Səhnələşdirəni Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Rəfael Haşımov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyev, rejissoru Cavid Təvəkkül, layihənin rəhbəri Səxavət Məmmədovdur. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları iştirak ediblər.
Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edir. Kələxana türbələri də Şamaxıya gələn qonaqlar tərəfindən daha çox ziyarət olunan məkanlardandır.
Qeyd edək ki, açıq havada bu tamaşanın hazırlanması və təqdimatı zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı şərt və tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçib və premyeraya icazə verilib.
Açıq hava altında, tarixi memarlıq abidəsi fonunda nümayiş olunan tamaşadan çəkilişlər Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlanacaq.