18 sentyabr – Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli: müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor, orkestr və kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında və əsərlərinə çəkilən filmlər verilib. Resurslar tam mətni ilə təqdim olunur.

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/uhacibeyli/index.html

***

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Sərhədsiz incəsənət” adlı yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib.

Kitabxananın internet saytı və sosial şəbəkə səhifələri vasitəsilə təqdim olunan layihədə Üzeyir Hacıbəylinin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, dahi bəstəkar 1908-ci il yanvarın 12-də Bakıda Tağıyevin teatrında ilk tamaşası olan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Bəstəkarın “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları o dövrün Azərbaycan məişətini, xalq adət və ənənələrini olduğu kimi əks etdirir.

Sonda kitabxananın fondunda yer alan kitablar və digər resurslar virtual nümayiş olunub.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da Milli Musiqi Günü ilə əlaqədar materialları sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Kitabxana əməkdaşlarının hazırladıqları virtual sərgidə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilib, böyük şəxsiyyətlərin dahi bəstəkar haqqında söylədikləri fikirlər yer alıb. Həmçinin Üzeyir Hacıbəyli haqqında mətbuat səhifələrində çıxan məqalələr, əsərləri əsasında hazırlanan tamaşaların afişaları, Üzeyir bəyin Ev-Muzeyi haqqında məlumatlar, mövzu ilə bağlı fotoqalereya təqdim olunub.

Milli Musiqi Günü ilə əlaqədar görkəmli ifaçılarımıza həsr edilmiş videoçarxlar da hazırlanıb.