Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli sentyabrın 17-də dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub.

Şabran rayonu ərazisində yerləşən V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə ötən il başlanılıb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb.

Azad Cəfərli bərpa-konservasiya işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. O, həmçinin “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları ilə görüşüb, qoruğun fəaliyyəti ilə maraqlanıb. Qoruğun fəaliyyətinin gücləndirilməsi və ziyarətçilər üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımlar  diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkəmizin ən qədim tarixi abidələrindən olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin mart ayında imzaladığı sərəncama əsasən aparılır.