Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı qadağalarda müəyyən yumşalmalar olsa da, bu hələlik teatr və kino nümayişi müəssisələrinə şamil edilməyib. Teatrsevərlər böyük səhnəyə, kinomanlar isə böyük ekrana həsrətin bitəcəyi günü səbirsizliklə gözləyirlər.

Lakin bir sıra ölkələrdə pandemiya dövründə təhlükəsiz tamaşa və kino izləməyin mümkün vasitələri sınaqdan keçirilir. Ölkəmizdə də aidiyyəti qurumlar və mütəxəssislər bu istiqamətdə çarə axtarışlarını davam etdirirlər. Bir müddət əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə öz sosial şəbəkə hesabında “AvtoCinema” adlı layihənin anonsunu vermişdi.

Layihə barədə Zaur Darabzadə ilə əlaqə saxladıq. Baş direktor qəzetimizə açıqlamasında bildirdi ki, bu təcrübə ilk olaraq ABŞ-da və Avropa ölkələrində yayılmağa başlayıb: “Azərbaycan Avtomobil Federasiyası ilə birgə nəzərdə tutulan layihədə açıq havada maşınlardan film izləmək mümkün olacaq. Bu layihə təkcə pandemiya ilə əlaqəli deyil, adi vaxtlarda da davam etdirilə bilər. İnanıram ki, ilin sonuna kimi kinosevərlərimiz yeni layihə vasitəsilə filmlər izləmək imkanı qazanacaqlar”.

Qeyd edək ki, yeni layihə üzrə nəzərdə tutulan açıq havada kinoteatr giriş və çıxışı olan böyük avtopark sahəsini xatırladır. İnsanlar şəxsi avtomobillərində əyləşərək böyük ekranda filmləri izləyəcəklər.

Xatırladaq ki, dünyada ilk avtokinoteatr 1933-cü ildə Riçard Hollinqsed tərəfindən ABŞ-da fəaliyyətə başlayıb. Belə kinoteatrların daha geniş inkişafı isə 1950-ci illərin sonuna təsadüf edir. Bir neçə il əvvəl isə Rusiyanın Belqorod şəhərində belə bir kinoteatrın istifadəyə verilməsi böyük maraqla qarşılanmışdı.

Lalə AZƏRİ