Sentyabrın 24-də Türkiyənin Qaziantep şəhərində Türkiyə Texnologiyası Komanda Vəqfi (T3 Vəqfi) ilə Sənaye və Texnologiya Nazirliyinin birgə  təşkil etdikləri  "TEKNOFEST 2020" Kosmik və Texnologiya Festivalının açılış mərasimi keçirildi. Mərasimə kortej yürüşü ilə start verildi.  

Qaziantep qalası qarşısında təşkil edilən mərasimdə Sənaye və Texnologiya naziri Mustafa Varank Türkiyədə milli texnologiya hərəkatının markası halına gələn festivalın hər mərhələsində əməyi olan T3 Vəqfi başda olmaqla bütün iştirakçılara təşəkkür etdi.

Nazir "TEKNOFEST 2020"nin COVİD-19 pandemiyası şərtlərinə baxmayaraq bütün coşqusu ilə davam edəcəyini və festivalın ən əhəmiyyətli hissələrindən biri olan yarışmaların keçən illə müqayisədə daha çox insanın iştirakı ilə keçirildiyini bildirdi. Nazir "TEKNOFEST"ə xaricdən böyük maraq doğurduğunu xüsusi vurğuladı: “Bu il "TEKNOFEST"in raketdən pilotsuz uçuş aparatına, təhsildən əkinçilik texnologiyalarına, model peykdən uçan maşına qədər 21 fərqli kateqoriyada yarışmalara ev sahibliyi edəcək. Pandemiyanın şərtlərinə baxmayaraq, bu yarışmalara qatılmaq üçün Türkiyənin 81 vilayətindən və 84 ölkədən müraciətlər olub”.

Mustafa Varank Azərbaycanın da festivala yaxından maraq göstərdiyini bildirdi: “Bu festival sadəcə Türkiyə üçün deyil, həm də dost və qardaş ölkələr üçündür. Məqsədimiz elm və texnologiyanı bütün cəmiyyətə yaymaq, nə qədər önəmli olduğunu göstərməkdir. Bu mənada qardaş ölkələrdən də komandalar qəbul edirik. Daha əvvəl İstanbulda keçirdiyimiz festivalda Azərbaycandan da gələnlər var idi. Biz Azərbaycanı özümüzdən fərqləndirmirik. Son dönəmlərdə məlum hadisələrə görə Azərbaycana əlimizdən gələn dəstəyi verdik və buna davam edirik. Qeyd edim ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də festivala dəstək verib”.

TEKNOFEST-in  İdarə heyəti başqanı Selçuk Bayraktar TEKNOFEST-in Anadolunun qədim  şəhəri Qaziantepdə təşkil edilməsindən çox məmnun olduqlarını söylədi. TEKNOFEST üçün işlərə başlayanda bunun bir xəyal olduğunu düşündüklərini deyən S.Baraktar,  "Dünyadakı ən qabaqcıl texnologiyanı inkişaf etdirən bir Türkiyə xəyalını qururduq. Bu gün bu xəyalı milyonlarla gənc qardaşımızla paylaşırıq”, deyə vurğuladı.

Qaziantep Böyükşəhər Bələdiyyəsini başqanı Fatma Şahin Türkiyənin qədim və qazi  şəhərində (İstiqlal savaşının qəhrəman şəhəri – red.) ilk dəfə belə bir festivala ev sahibliyi etdikləri üçün çox həyəcanlı və qürurlu olduğunu söylədi: “Tarixi və mədəni miras ilə yanaşı, güclü sənayesi, habelə dünyaca məşhur ləzzətləri ilə kulinariya sahəsində adını qızıl hərflərlə yazdıran Qaziantep ev sahibliyi etdiyi bu festivalda texnoloji yarışa 3896 komandanın müraciət etməsi ilə rekorda imza atdı”.

Çıxışlardan sonra gənclər Qaziantep qalasında Türk bayrağını asdılar. Tədbirlərin açılış mərasimində Türkiyə Hava Qüvvələrinin “Türk Ulduzları” və “Solo Türk” komandaları Qaziantep səmalarında nümunəvi uçuşlar nümayiş etdirdi. Üzərində Türkiyə TEKNOFEST və Türkiyə Texnologiya Komandası yazılan nəhəng şarları səmaya buraxıldı.  Qeyd edək ki, festival tədbirləri çərçivəsində bir çox uçuş şousu keçiriləcək.

Sonra sərgi mərkəzi ziyarət edildi.

“TEKNOFEST 2020” sentyabrın 27-dək davam edəcək. Festival çərçivəsində 21 kateqoriyada təşkil edilən texnologiya yarışlarına müraciət edən 100 mindən çox gəncdən təxminən 5 mini finalçı olaraq yarışacaq. Sonda dərəcəyə uyğun qalıb komandalar mükafatlandırılacaq.

Mehparə SULTANOVA
Ankara