Azərbaycan
26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
26 sentyabr 1967 – Əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov (1967 – 22.5.2019) Göygöl rayonunda doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub.
27 sentyabr 1930 – Əməkdar mədəniyyət işçisi Nina Qriqoryevna Fişeva (1930 – 29.8.2010) Bakıda anadan olub. Ömrünü arxiv işinə həsr edib, 1959-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Foto-Kino Sənədlər Arxivinin direktoru işləyib.
27 sentyabr 1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdülqəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.
28 sentyabr 1978 – Görkəmli yazıçı, ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” və s. romanların müəllifidir.
28 sentyabr 1985 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev; 1916-1985) vəfat edib. Cənubi Azərbaycanın Qaradağ mahalında doğulub, 1946-cı ildən Goranboy rayonunda yaşayıb.
29 sentyabr 1833 – Şair, rəssam, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. Qarabağlı şairlər haqqında məlumatların yer aldığı “Təzkireyi-Nəvvab” toplusunu tərtib edib. Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisini təşkil edib.
29 sentyabr 1953 – Əməkdar rəssam Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 1953 – 26.3.2020) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Yuğ Teatrında çalışıb.
29 sentyabr 1962 – Əməkdar artist, tanınmış diktor Bəxtiyar Nadir oğlu Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.
30 sentyabr 1891 – Xalq artisti Aleksey Lvoviç Qripiç (1891-1983) anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1936-1948) baş rejissor işləyib.
30 sentyabr 1920 – Əməkdar incəsənət xadimi, rejissor Lətif Bəşir oğlu Səfərov (1920 – 9.12.1963) Şuşada anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk sədri olub.
30 sentyabr 1933 – Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq Əziz Əkbər oğlu Əzizli (1933-2005) Bakıda anadan olub.
30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.
30 sentyabr 1950 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 – 1950) vəfat edib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.
Dünya
26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub.
26 sentyabr 1889 – Alman filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Martin Haydeger (Martin Heidegger, 1889 - 26.5.1976) anadan olub.
27 sentyabr 1871 – İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
28 sentyabr 1573 – İtalyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 1573 – 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
28 sentyabr 1803 – Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee; 1803-1870) anadan olub. Yazıçının “Karmen” novellası əsasında bəstəkar Jorj Bize opera yazıb, “Matteo Falkone” novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə eyniadlı film (1960) çəkib.
28 sentyabr 1915 – Məşhur rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.
28 sentyabr 1924 – İtalyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni; 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra; 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
29 sentyabr 1810 – İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell; 1810-1865) anadan olub.
29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.
29 sentyabr 1912 – İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni; 1912 - 30.7.2007) anadan olub. Avropanın əsas kinofestivallarının qalibi, fəxri «Oskar» mükafatçısıdır.
29 sentyabr 1913 – Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer; 1913 - 19.2.2001) anadan olub. Filmləri: “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s.
30 sentyabr 1715 – Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac; 1715-1780) anadan olub.
30 sentyabr 1917 – Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub.
Hazırladı: Vüqar ORXAN