Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən hazırlanan materialda qeyd olunur ki, Ermənistan işğalçı qüvvələrinin sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusunun əks hücum  əməliyyatına başladığı diqqətə çatdırılır.

Vurğulanır ki, Azərbaycan kəndlərinin bombalanması nəticəsində onlarla mülki şəxs həlak olub və yaralanıb. Naftalanda bir ailənin bütün üzvləri – beş nəfər ermənilərin artilleriya atəşi nəticəsində qətlə yetirilib. Yaşayış yerlərinə və mülki infrastruktura ciddi ziyan dəyib.

Məqalədə o da qeyd olunur ki, BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi. Rusiyadan silahların kütləvi şəkildə Ermənistana daşınmasının son aylarda intensivləşməsi açıq müharibə hazırlığının göstəricisi idi. “Biz dünya ictimaiyyətini Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilə bilinməyəcəyini və qəbuledilməzliyini Ermənistana izah etməyə çağırırıq”, – deyə məqalədə vurğulanır.