Oktyabrın 1-də 42-ci Moskva Beynəlxalq Kino Festivalı başlanıb. Festival rusiyalı kinorejissor Mixail Lokşinin “Gümüş konki” filmi ilə açılıb.

Festivalın əsas müsabiqə proqramında azərbaycanlı rejissor İsmayıl Səfərəlinin “Balıqçı qızı” bədii filmi də var. Ekran əsəri 2 oktyabr tarixində Moskva vaxtı ilə saat 20:00-da Karo kinoteatrının “Oktyabr” zalında nümayiş olunacaq. 3 oktyabr tarixində isə “Balıqçı qızı” Yeni Tretyakovkanın Böyük zalında festival iştirakçılarına və paytaxt sakinlərinə təqdim edəcək.

Festivalda türk rejissor Erdem Tepegözün “Kölgədə” və dünya şöhrətli Koreya rejissoru Kim Ki Dukun “Ərimək” adlı filmi də nümayiş olunacaq.

“Balıqçı qızı” filmi Xəzər dənizinin sahilində, Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir, çünki onun meyitini heç kim tapmayıb. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur...

Film “Non-stop production” kinoşirkəti (Rusiya) tərəfindən çəkilib. Ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, operator Şandor Berkeşi, quruluşçu rəssam Sergey Zaykovdur. Rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

42-ci Moskva Beynəlxalq Kino Festivalı oktyabrın 8-də başa çatacaq. Festivalın baş mükafatı qızıl “Müqəddəs Georgi” heykəlciyidir.

1972-ci ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası (FIAPF) tərəfindən “A” kateqoriyalı status (akkreditasiya) alan Moskva Beynəlxalq Kino Festivalı 2017-ci ilədək ənənəvi olaraq iyun ayında, 2018-ci ildən aprel ayında keçirilib. Bu il pandemiya səbəbindən festivalın vaxtı oktyabr ayına dəyişdirilib.

Lalə AZƏRİ