Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

2 oktyabr saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır.

İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.

***

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin sayı açıqlanıb.

 

Füzuli rayonu üzrə:

 

Qaraxanbəyli kəndi – 700 ailə, 2600 nəfər

Qarbənd kəndi – 245 ailə, 1800 nəfər

Horadiz kəndi – 960 ailə, 4000 nəfər

Yuxarı Əbdülrəhmanlı kəndi – 562 ailə, 2500 nəfər

Aşağı Əbdülrəhmanlı kəndi – 320 ailə, 1500 nəfər

 

Cəbrayıl rayonu üzrə:

 

Böyük Mərcanlı kəndi – 2518 ailə, 10103 nəfər

Nüzgar kəndi – 264 ailə, 1031 nəfər.