Silahlı Qüvvələrimizin sentyabrın 27-dən Ermənistan işğalçı qüvvələrinin cəbhə xətti boyunca törətdikləri genişmiqyaslı təxribatlara cavab olaraq başlatdığı əks-hücum əməliyyatı davam edir. Müzəffər Ordumuz düşmənə ağır zərbələr endirərək işğal altındakı ərazilərimizi azad edir.

Ölkəmiz və dövlətimiz üçün həyati vacib olan bu məqamda Azərbaycan xalqı öz birliyinin və iradəsinin ən mükəmməl nümunəsini göstərir, xalq-Vətən, millət-dövlət birliyi nümayiş etdirilir.

Regionlarda fəaliyyət göstərən mədəniyyət ocaqlarımız da bu günlər ordumuza dəstək  olaraq müxtəlif aksiyalar həyata keçirir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki Quba Soyqırımı Memorial Kompleksi də öz növbəsində Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirib. Kompleks ərazisində yerləşən bağdan toplanmış 400 kiloqramdan artıq alma cəbhə bölgəsində yerləşən hərbi hissələrimizə göndərilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi “1 təkər 1 əsgər qardaşımızın düşmən gülləsinə tuş gəlməsinin qarşısını alır” təşəbbüsü ilə təkər yığma kampaniyasına start verib. Gün ərzində 2 yük avtomobili dolusu təkər yığılaraq Füzuli rayonu istiqamətində cəbhə xəttinə yola salınıb. Regional idarədən bildirilib ki, biz mədəniyyət işçiləri olaraq hər zaman müzəffər Ordumuzun yanındayıq.

Ordumuz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirir, tarixi yurd yerlərimizi düşməndən azad edir. Xalqımız haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edir.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon mədəniyyət işçiləri isə cəbhədə işğal altındakı torpaqlarımızı yağıdan təmizləyən qəhrəman hərbçilərimizə yüzlərlə paltar dəsti, corab, papaq və 100 ədəd ərzaq bağlaması, o cümlədən şirniyyat və müxtəlif şəxsi ləvazimat göndərib.

NURƏDDİN