Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfini dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu gün Şəmkirin Sabirkənd, Tovuzun Ağdam, Bərdənin Əmirli, Ağdamın Quzanlı, Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli yaşayış məntəqələri düşmən tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb. Mülki əhali arasında ölən və yaralananlar var. Müəyyən olunub ki, yaşayış məntəqələrinin bəziləri məhz Ermənistan ərazisindən raket və artilleriya atəşinə tutulub.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 2-də keçirilən brifinqdə deyib.

Bildirilib ki, ötən gecə ərzində, səhər saatlarında və gündüz cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir. Maqadizdə (Ağdərə rayonu) geri çəkilməyə məcbur edilən Ermənistanın 6-cı dağatıcı alayının əsgərləri arasında çaxnaşma və atışma baş verib. Düşmənin şəxsi heyəti arasında hökm sürən qorxu və vahimə dərin ruh düşkünlüyü yaradıb. Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri açıq döyüşdən və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər.

Əməliyyatların gedişi göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır.

Bu sözləri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. “Bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır. Bu zərbələr Ermənistan silahlı qüvvələrinin cəbhədəki bölmələrinin müqavimətini böyük dərəcədə azaldıb. Otuz il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş hərbi istehkam sistemlərinin, maddi-texniki bazanın qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”, - deyə o vurğulayıb.

Hikmət Hacıyev diqqətə çatdırıb ki,Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir.

Ermənilər 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub. Relyef şəraiti də ağırdır. Bildiyiniz kimi, həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. “Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik”, - deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentinin köməkçisi vurğulayıb ki,  Azərbaycan xalqı bizə dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq. Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün mübarizə aparır. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq.

“Torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının tələbidir. Münaqişənin Azərbaycan xalqının iradəsindən kənar həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. O cümlədən Pakistanın da dəstəyini yüksək dəyərləndiririk. Macarıstanın, Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstəyini də yüksək qiymətləndiririk” – deyə H.Hacıyev bildirib.