Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov düşmənin yaşayış məntəqələrimizi artilleriya atəşinə tutduğu bir zamanda cəbhəyanı kəndlərdə sakinlərlə görüşüb, onlara mənəvi dəstək olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xındırıstan kəndində keçirilən görüşdə Mənsum İbrahimov və Təyyar Bayramov sakinlərə söhbət edib.

Hər iki xanəndənin ifasında səslənən “Qarabağ şikəstəsi” cəbhə bölgəsinin sakinlərinin ruh yüksəkliyini daha da artırıb.

Mənsum İbrahimov sakinlərlə söhbətində xalqımızın haqq işinin artıq dünya tərəfindən də birmənalı olaraq dəstəkləndiyini bildirib: “Müharibə bizim ərazimizdə gedir. Biz öz torpaqlarımızı düşməndən təmizləməyə çalışırıq və əminəm ki, qüdrətli ordumuzun sayəsində buna nail olacağıq”.

Mənsum İbrahimov deyib: “Bu gün bütün xalqımızın qəlbi Qarabağla döyünür. Mən də özümə borc bildim ki, belə bir vaxtda bura gəlim, sakinlərlə görüşüb onlara dəstək olum. Onlar həqiqətən qəhrəmandırlar. Evlərinin atəşə tutulmasına baxmayaraq kəndlərini tərk etmirlər. Sözün əsl mənasında bu gün Vətən savaşındayıq. Hər birimiz Ali Baş Komandanın ətrafında bir əsgərik. Dünəndən həmyerlilərimizin yanındayıq. Ağdam rayonuna gəlməklə həm ordumuza dəstəyik, həm də sakinlərə. Düşünürəm ki, hər kəs - ziyalılar, alimlər, sənət adamları bu işdə dəstək olmalıdırlar. Həm cəbhə bölgəsinin sakinlərində, həm də hərbçilərimizdə yüksək əhval-ruhiyyə var. İnanıram ki, tezliklə "Qarabağ şikəstəsi"ni Şuşada qələbə bayramında ifa edəcəyəm”.

Təyyar Bayramov da təəssüratlarını belə bölüşüb: “Dünəndən Ağdam rayonundayıq. Düşmən yaşayış məntəqələrini atəşə tutur. Ancaq bu, əhalini qorxutmur. Hamıda ruh yüksəkliyi görürəm. Nəinki Qarabağ bölgəsində, ölkəmizin hər yerində böyük vətənpərvərlik ruhu var. İnşallah tezliklə işğal altında olan bütün torpaqlarımız azad olacaq”.