Azərbaycan Ordusunun Vətən torpaqlarını işğaldan azad etmək uğrunda zəfər yürüşü davam edir.

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ali Baş Komandanın Madagiz kəndinin erməni işğaldan azad olunduğunu elan edib. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

Dövlətimizin başçısının “Tvitter” səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirib: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.

Prezident 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

General-mayor H.Həsənova tapşırıq verilib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

Qeyd edək ki, Dağlıq Qarabağın şimalında strateji məntəqə olan Madagiz (Suqovuşan) kəndi Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi. Keçmiş Mardakert (1991-ci ilin noyabrından Ağdərə) rayonunun inzibati ərazisinə daxil olan kənd 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra Tərtər rayonunun inzibati vahidi idi. 1994-cü ildə Suqovuşan erməni qüvvələri tərəfindən işğal edilmişdi.

Bu ərazinin işğaldan azad olunması ilə Azərbaycan Ordusu şimal cəbhəsində strateji üstünlük əldə etdi. Suqovuşan Kəlbəcər rayonuna gedən yolun üzərində yerləşir. Buraya yaxın ərazidə ermənilərin əsas hərbi bazalarından biri yerləşirdi. Suqovuşanın azad edilməsi Ordumuzun əks-hücum əməliyyatlarını daha da genişləndirməyə imkan verəcək.