Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ali və orta ixtisas təhsil pillələri üzrə 2020/2021-ci tədris ilinə başlanılıb.

Akademiyadan verilən məlumata görə, tədris ilinə hazırlıqla bağlı müvafiq işlər görülüb, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”na uyğun olaraq,  BXA-da bütün pillələr üzrə auditoriya və sinif otaqları, məşq və akt zalları, inzibati heyətin kabinetləri, dəhlizlər, yeməkxana, geyim otaqları, həyətyanı və digər sahələr dezinfeksiya olunub, maarifləndirici plakatlar yerləşdirilib.  

Oktyabrın 1-dən akademiyanın ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri, eləcə də orta ixtisas (kollec) pilləsi üzrə cari tədris ilinin birinci kurs tələbələri karantin qaydalarına riayət edilməklə xüsusi cədvəl və sayla ənənəvi tədrisə cəlb olunub.

İlk dərs günü xüsusi hazırlanmış auditoriyalarda 1-ci kurs tələbələrinə professor-müəllim heyəti təqdim olunub, karantin dövründə akademiyada daxili nizam qaydaları izah edilib, COVİD-19 virusu barədə maarifləndirici bilgi, eləcə də hazırda respublikada hərbi vəziyyət və Bakı şəhərində tətbiq olunan komendant saatı barədə məlumatlar verilib.