Bu fürsətdən istifadə edərək, Azərbaycanın hərbi qulluqçularının Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirləri gördüyü bir vaxtda öz dəstəyimi bildirmək istəyirəm.

Bu sözləri Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda qeyd edib.

Britaniyalı deputat qeyd edir ki, Ermənistanın cəbhə xətti boyunca yaşayış məntəqələrini və mülki insanları qəsdən hədəfə alması 1949-cu il tarixli Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycana qarşı növbəti hərbi təcavüz və güc tətbiqi aktıdır. “Mülki əhalinin hədəfə alınması Ermənistanın silahlı qüvvələrinin döyüş planına daxil edilmiş bir taktikadır və 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı da bunun əyani sübutudur”, – deyə o bildirib.

Bob Bləkmən daha sonra yazır: “Azərbaycan Ermənistanın yeni təcavüz aktına və fəal şəkildə müharibəyə hazırlaşması barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması regional sülhə və təhlükəsizliyə çox ciddi təhlükə olaraq qalmaqdadır. Mövcud vəziyyətə və hadisələrin gələcək inkişafına görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.

Bob Bləkmən Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycanın yanında olduğunu və parlamentdə məlumatlandırma işləri aparmağa davam edəcəyini bildirib.