Rusiyanın gazeta.ru saytında əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin 125 illiyi ilə bağlı məqalə bu başlıq  altında dərc edilib.

Yazıda qeyd edilir ki, 125 il əvvəl – 4 oktyabr 1895-ci ildə Rusiya imperatorluğunun Bakı quberniyasında (indiki Azərbaycan) sovet kəşfiyyatçısı və alman jurnalisti Rixard Zorge anadan olub. Atası alman mühəndis, anası isə rus dəmiryolçunun qızı idi. Zorge özü həmişə zarafatla deyərmiş: “Ümumiyyətlə, mən özümü azərbaycanlı hesab edə bilərəm. Amma məsələ ondadır ki, mən bu dildə bir kəlmə də bilmirəm”.

Zorgenin ailəsi o hələ kiçik yaşlarında ikən Almaniyaya qayıdır. Orada təhsil alır və Birinci Dünya müharibəsi zamanı alman ordusunda xidmət edir. Müharibədə iştirakı onun həyata  baxışını dəyişir və sovetlər ölkəsinə qayıdaraq kommunist kimi fəaliyyətə başlayır. 1933-cü ildən o artıq sovet kəşfiyyatçısı kimi Yaponiyada fəaliyyət göstərirdi. Onun Moskvaya göndərdiyi məlumatlar SSRİ-yə xarici siyasət əlaqələrini düzgün istiqamətləndirməyə imkan yaradırdı. Bu, Yaponiya və Almaniya ilə əlaqələrdə xüsusi önəm kəsb edirdi. Almaniyanın SSRİ-yə hücumu barədə məlumatı 1940-cı ildə məhz Zorge ötürmüşdü.

1941-ci ildə Yaponiyada kəşfiyyatçıların kütləvi şəkildə həbs olunması dalğası başlayır. 29 sentyabr 1943-cü ildə Zorge həbs edilərək edam cəzasına məhkum edilir. 7 noyabr 1944-cü ildə edam edilən kəşfiyyatçının yapon dilində son sözləri bu olub: “Qızıl ordu! Komintern! Sovet Kommunist Partiyası!”. Zorgeni həbsxananın həyətində dəfn edirlər. Hazırda isə onun qəbri Tokionun Tama qəbiristanlığındadır. Kəşfiyyatçının cəsədinin çıxarılıb qəbiristanlıqda dəfn edilməsi onun vətəndaş nikahında yaşadığı yapon həyat yoldaşı İ.Hanako tərəfindən həyata keçirilib. O, qəhrəman kəşfiyyatçının qəbrini beş il davam edən axtarışlardan sonra aşkar edə bilib.

Onu da qeyd edək ki, SSRİ 1964-cü ilə qədər Zorgeni rəsmi olaraq öz agenti kimi qəbul etmirdi. Həmin ildə sovet rəhbəri Nikita Xruşşov kəşfiyyatçıya həsr olunan filmi izləyir və onun həqiqi bir kəşfiyyatçı olduğunu öyrəndikdən sonra Zorgeyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı qərar qəbul edir. 

Rixard Zorgenin xatirəsi Bakıda da əbədiləşdirilib.

Paytaxtımızda qəhrəman kəşfiyyatçının adını daşıyan park və orada memorial abidəsi var.

Hazırladı: Lalə AZƏRİ