Macarıstan, Yaponiya və Böyük Britaniya səfirləri ilə görüşlər

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması, mədəni irsin qorunması sahəsində Macarıstan ilə təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulub.  Eyni zamanda bu ilin noyabr ayında mədəni irsin rəqəmsallaşması ilə bağlı Macarıstanın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq onlayn konfransda Azərbaycan tərəfinin iştirakının vacibliyi vurğulanıb.

A.Kərimov 2019-cu ildə Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsində Macarıstanın dəstəyini yüksək qiymətləndirib. Görüşdə həmçinin Macarıstanın Türk Şurasına daxil olmaq istəyi ilə bağlı müzakirə aparılıb.

Sonda A.Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca yeni təxribatları haqqında diplomata məlumat verib. Bildirib ki, düşmən təcavüzkar siyasətini davam etdirərək Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyur, dinc sakinləri qətlə yetirir. Ermənistanın son hücumları nəticəsində Azərbaycanın tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi ziyan vurulub.

***

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi ilə görüşdə Anar Kərimov diplomata Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb.

Hazırda ölkəmizdə bir çox sahələrdə Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran A.Kərimov mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların da sayının artmasını arzu etdiyini deyib.

Görüşdə eyni zamanda Yaponiyada Azərbaycan dilinin və Azərbaycanda yapon dilinin təbliği ilə bağlı layihələr haqqında söhbət aparılıb. A.Kərimov qeyd edib ki, mədəni irsin qorunmasında Yaponiyanın böyük nailiyyətləri var: “Biz istərdik ki, yapon ekspertlərini ölkəmizə dəvət edək və onların təcrübəsindən faydalanaq. Həmçinin yaradıcı sənayenin ölkəmizdə inkişafı, mədəni irsin rəqəmsallaşması, mədəni sahədə əqli mülkiyyətin qorunması, özəl sektorun mədəniyyət sahəsinə investisiya qoya bilməsi ilə bağlı yapon təcrübəsi bizim üçün maraqlıdır”.

Görüşdə Yaponiyada Azərbaycan evinin və Azərbaycanda Yaponiya evinin təsis edilməsinin əhəmiyyəti də vurğulanıb, bu sahədə müvafiq addımların atılmasının zəruriliyi qeyd edilib.

Sonda A.Kərimov işğalçı Ermənistanın hərbi təxribatları və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı haqlı mübarizə barədə diplomatı məlumatlandırıb.

***

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp və Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Samr Şah ilə videokonfrans formatında görüşü keçirilib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud mədəni əlaqələr müzakirə olunub və bu əlaqələrin inkişafında hər iki tərəfin maraqlı olması qeyd edilib. Eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının ölkəmizdə həyata keçirdiyi müxtəlif mədəni layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin ölkəmizin mədəni siyasətinin inkişafına, yaradıcı sənayelər sahəsində araşdırma işlərinin aparılmasına Britaniya Şurası tərəfindən verilən texniki dəstək yüksək qiymətləndirilib.

Anar Kərimov mədəniyyət sahəsində ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, habelə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edərək,  görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.