Bu günlər bütün Azərbaycan cəmiyyəti şanlı Ordumuza dəstək aksiyalarına səfərbər olub. Müxtəlif qurumlar, təşkilatlar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir. Bu aksiyalarda mədəniyyət müəssisələri də fəal iştirak edir.

Heydər Əliyev Sarayının kollektivinin könüllü iştirakı ilə ölkəmizin ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın düşməndən azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5110 manat vəsait köçürülüb.

Heydər Əliyev Sarayının kollektivi Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun qısa zamanda torpaqlarımızı işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyi xəbərini eşidəcəklərinə əmindir və hər gün qələbə xəbərlərini eşitdikcə qürur hissi keçirir. Sarayın kollektivi əsgərlərimizə və həmçinin səfərbərlik xidməti orqanları tərəfindən ordu sıralarına çağırılan əməkdaşlarına bu şərəfli yolda uğurlar arzulayır.

Allah Ali Baş Komandanımızı və Ordumuzu qorusun!