Azərbaycan bayrağı Cəbrayıl torpaqlarında

Oktyabrın 4-də müzəffər Azərbaycan Ordusunun hissələri tərəfindən erməni işğalçılarından azad edilən Cəbrayıl rayonunun kəndlərində və Cəbrayıl şəhərində artıq Azərbaycan bayrağı dalğalanır. Qəhrəman əsgərlərimiz dövlətimizin rəmzini azad edilən torpaqlarda öz əlləri ilə həkk edirlər.

Bu günlər internet məkanda bu qürurverici anları əks etdirən fotolar yayımlanır. Onların biri də Cəbrayıl şəhərində çəkilib. Zəfər nişanəsi bayrağımızı qaldıran o qollara qüvvət  olsun. İşğalçının bayrağı isə layiq olduğu yerdə, igidlərimizin ayağı altındadır.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli və Şəybəy kəndlərindən görüntüləri yayıb. Vətən torpağını azad, düşməni yenilmiş görmək illərdir həsrət çəkən ürəkləri coşdurur.

Azərbaycan Ordusunun mayoru Camal Qəmbərovun  isə 27 ildən sonra doğulduğu Cəbrayıl rayonundan fotosu yayılıb. Şəkil sosial şəbəkədə paylaşılıb. Ermənilərin işğalından sonra Cəbrayıldakı evini tərk edən o uşaq indi torpağını işğaldan azad edən xilaskar kimi geri dönüb.