TÜRKSOY-un Baş katibindən dəstək məktubu

“Qardaş Azərbaycana edilən hücumlara görə dərin kədərimi bildirirəm və ümid edirəm ki, problem ən qısa müddətdə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bi sözləri Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda qeyd edib.

Düsen Kaseinov bildirib ki, Azərbaycanın tanınmış sənət və mədəniyyət adamlarının bu çətin dövrlərdə dövlətlərinə, Vətənlərinə sonsuz məhəbbət göstərdiyini, ölkələrinin, gələcək nəsillərin qayğısına qalmaqla xalqa dəstək olduğunu səmimi hisslərlə izləyir: “İllərlə çalışdığım və bir çoxu ilə dost olduğum bu ziyalıların göstərdiyi həssaslığa, söylədikləri fikirlərə ürəkdən həmrəyəm. Bir mədəniyyət xadimi kimi, mən də Azərbaycan xalqının dərdini və kədərini dərindən hiss edir, qədim Azərbaycan ölkəsinin ən qısa zamanda sülh, əmin-amanlıq və firavanlığa qovuşmasını arzulayıram”.

“Tarixi ədalət və qanun Azərbaycan tərəfindədir. Rəhbərliyinizlə Azərbaycan xalqı hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqda bu çətinlikləri dəf edəcəkdir. Bütün Türk dünyası ilə birlikdə mədəniyyətin və insanlığın yenidən dirçəldiyini nümayiş etdirəcəyik”, – deyə TÜRKSOY-un Baş katibi vurğulayıb.