31 nəfər həlak olub, 154 nəfər isə yaralanıb

Şanlı Azərbaycan Ordusu təcavüzkar Ermənistanın hərbi birləşmələrinə bütün cəbhə boyu zərbələr endirərək yurd yerlərimizi işğaldan qurtarır.

Ordumuzun şücaəti qarşısında duruş gətirməyərək qaçan, böyük itkilər verən düşmən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq son günlər ağır artilleriyadan istifadə etməklə davamlı olaraq yaşayış məntəqələrimizi, dinc sakinləri hədəfə alır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin ölkəmizin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanın yeni statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, yaşayış məntəqələrimizin ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutulması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 154 nəfər isə xəsarət alıb.

Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

İşğalçı qüvvələrin oktyabrın 7-də Ağdam rayonunu müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində Xındırıstan kənd sakini, 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub. Rayonun Böyükbəyli kəndinin artilleriya atəşinə tutulması nəticəsində sakinlərin təsərrüfatına ciddi ziyan dəyib.

Düşmən oktyabrın 8-də səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutub.

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində bir mülki şəxs həlak olub, qəsəbədə yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, çoxsaylı mülki infrastruktur obyektlərinə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib. Bundan öncə rayonun Şahməmmədli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub.

Oktyabrın 8-də saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfərin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu günlər Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış Səfərli qəsəbəsi düşmənin artilleriya atəşinə məruz qalır. İşğalçı qüvvələrin vandalizm aktlarına baxmayaraq, məcburi köçkünlərin əhval-ruhiyyəsi yüksəkdir. Sakinlərdən Elməddin Mustafayev deyib ki, düşmən qəsəbəni, demək olar ki, hər gün artilleriya atəşinə tutur: “Yaralananlarımız oldu. Məcburi köçkünlərin evlərinə, əmlaklarına ziyan dəyir. Ermənilərin bu vəhşiliyi bizi ruhdan salmır, əksinə, Ordumuzun uğurları hər birimizdə böyük ruh yüksəkliyi yaradıb. Əminik ki, tezliklə bütün torpaqlarımız azad olunacaq və biz öz yurdumuza dönəcəyik”.

Məcburi köçkün Ramin Paşayev də dağıntılara baxmayaraq, qəsəbəni tərk etmədiklərini bildirib: “Ailəmlə birgə evimizdəyik. Düşmən bilsin ki, yaşayış məntəqələrini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcək. Qələbə bizimlədir!”.

Düşmənin artilleriya atəşi nəticəsində Ağdam rayonunun Təzəkənd kəndində 3 evə, modul tipli məktəbə, çayxanaya və heyvandarlıq təsərrüfatına ziyan dəyib. Qaradağlı kəndində bir ev dağılıb, 8 evə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, ölən və xəsarət alanlar var. Kənd hər gün atəşə tutulsa da, sakinlər ruhdan düşmür, Azərbaycan Ordusundan böyük qələbə xəbərinin uzaqda olmadığına inanırlar.

***

Hədəfə alınan yaşayış məntəqələrimiz arasında Füzuli rayonunun kəndləri də var. Düşmənin ağır artilleriyadan rayonun yaşayış məntəqələrini atəşə tutması nəticəsində evlər dağılıb, infrastruktura ciddi zərər dəyib. Mərmilər evlərə ciddi ziyan vursa da, sakinlər qəhrəman Ordumuza güvənirlər. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşada, Xankəndidə üçrəngli bayrağımızı dalğalandıracağına şübhə etmirlər.

***

Oktyabrın 8-də gecə düşmən Gəncə şəhərinə yenidən raket zərbələri endirib. Nəticədə yaşayış binaları, bir neçə mülki obyekt və avtomobil ziyan görüb.

Qeyd edək ki, erməni vandallarının oktyabrın 4-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 1 nəfər həlak olmuş, 30-dan çox sakin yaralanmışdı.